PDF Oxu

Mədəniyyət

  • 11

“Sonuncu ölən ümidlərdir” 190 saylı məktəbdə kitabın təqdimat mərasimi keçirildi

“Sonuncu ölən ümidlərdir” 190 saylı məktəbdə kitabın təqdimat mərasimi keçirildi
Səbail rayonu 190 saylı orta məktəbdə Azərbaycan mədəniyyəti, tarixi, onun tanınmış simaları ilə bağlı silsilə tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir.
 "Sonuncu ölən ümidlərdir" romanının təqdimat mərasimi də məhz bu mövcud xəttin davamıdır. Məktəbin kitabxanasında keçirilən təqdimat mərasimində müəllifin alqışlarla qarşılanması epizodik anlar olsa da, təsiredici idi.
Tədbiri giriş sözü ilə açan Afət Bakıxanova öncə əsərin müəllifi yazıçı-jurnalist Varisi salamladı. Sözü, sənəti, kitabları milli-mənəvi abidələrimiz kimi uca tutan, dəyər verən Qənirə müəllimənin daxili özəlliklərinin düsturunu belə verdi: "Biz bir medalın iki üzüyük. Oxuduğumuz kitabları müzakirə etməklə yanaşı, hər hansı bir yazı, şeir  ətrafında günün 24 saatında telefon əlaqəsi yaradaraq mücərrəd məqamlara aydınlıq gətiririk" - deyərək əlavə etdi ki, klassik ədəbiyyat oxuduğumuz bir zamanda yazıçı Varisin "Sonuncu ölən ümidlərdir" romanı vaxtında yazılmış əsərdir. Tədbirdə söz, "100 ən yaxşı müəllim" müsabiqəsinin Prezident mükafatçısı, təlim-tərbiyə işləri üzrə direktor müavini Qənirə Əmircanovaya verildi:"Afət müəllimə mənə kitabla bağlı bir söz dedi: "Oxu!" Mən əvvəl kitabı əlimə alıb baxdım. Nəfis formatda çap olunan kitabın üz qabığındakı göz şəklinə baxıb xeyli düşündüm. Düşündüm ki, bunu müəllifin ilk uğuru, həm də böyük tapıntısı hesab etmək olar. Biz filoloqların gözü ilə dünya başqa formada görünür.
XXI əsr internet əsridir. "Sonuncu ölən ümidlərdir" əsəri yazıçı Varisin hadisələrin üstündən yan keçmədən qələmə aldığı və ən ümdəsi zamana söykənən ilk uğurudur".
Tədbirdə iştirak edən "Sonuncu ölən ümidlərdir" romanının müəllifi yazıçı Varis çıxış edərək bildirdi ki, kitab çap olunan vaxtdan bu günə qədər keçirilən tədbirlər sırasında bu oxucularımızla 12-ci görüşümüzdür. Qənirə xanımla "Kitab klubun"da görüşdükdən sonra  onların təkidli xahişi ilə bu görüşə gəldiyini bildirən Varis 190 saylı məktəbin kollektivi ilə ünsiyyətdə olmağa, görüşməyə dəyərmiş, dedi.
Oxucu olaraq tədbirdə iştirak edən riyaziyyat müəllimi Aygün Cəfərova Nailə obrazında cəmləşən müsbət elementləri təqdir edərək "Səidə kimi qadınların çox təhlükəli olduqlarını" - dedi.
Tədbirdə iştirak edən tanınmış jurnalist, "Zəfər qalası" hərbi-vətənpərvərlik qəzetinin baş redaktoru Natella Asena "Tərbiyəvi mövzuda qələmə alınan əsərlərə cəmiyyətimizin ehtiyacı var" - deyərək qəti fikrini bildirdi: "Çox təəssüflər olsun ki, bəzi telekanallarda "çoxərlilik təbliğatı" aparan seriallar yayımlanır. Bugünkü tədbirdən aldığım mənəvi zövqün yaşantılarını uzun müddət unutmayacağam" - deyərək onu 190 saylı məktəbdə keçirilən tədbirlərə şəxsən dəvət edən fədakar pedaqoq, işıqlı ziyalı Qönçə xanım Qasımovanın əlindən öpdü və əlavə etdi:"Zəfər qalası" qəzeti həmişə bu məktəbdə keçirilən tədbirləri məhəbbətlə işıqlandırır. Sona Tağıyevanın, respublikanın əməkdar müəllimi Şəfiqə Əliyevanın, fədakar pedaqoq Qönçə Qasımovanın və 190 saylı məktəbin direktoru Afət Bakıxanovanın məktəbi kimi tanınan  ULU TƏHSİL OCAĞINA vəfa borcumuz əbədidir".
"Kitab klubu"nun satış üzrə meneceri Fazil Kərimli: "Sonuncu ölən ümidlərdir" romanının cəmiyyətimizdə oyanış törətdiyini vurğuladı.
190 saylı məktəbin qonaqlarından Səbail rayon təhsil, səhiyyə, mədəniyyət şöbəsinin müdiri, IX sinif şagirdi Zümrüd, X a sinfindən Ayna, Lalə, Leyla, Kifayət, Pərvanə və b.-nın əsərlə bağlı sualları cavablandırıldı.
Tədbirin axarını həzin lirika ilə kökləyən hamının sevimlisi, gənc pedaqoq Qənirə Əmircanova "Poeziyanı insan ruhunun musiqisinə" bənzətdi. Səsinin ahəngini, ürəyə yatımlılığını şirin ləhcəli, rəvan nitqinə qatan Qənirə müəllimə, hər kəsə "Şəfqətli, mərhəmətli olmağı" arzuladı.
190 saylı məktəbin direktoru Afət Bakıxanova son olaraq tədbirin axırıncı deyil, axarıncı olduğunu söyləyib üzünü yazıçı, jurnalist Varisə tutaraq:"O yazıçı xoşbəxtdir ki, onun kitabı oxunur, sevilir".

Digər xəbərlər