“Maska” tamaşası Gürcüstan səhnəsində
Tbilisidəki K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında Gürcüstanda respublikamızın mədəniyyət günləri çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi Z.Zeynalovun "Maska" tamaşasını tamaşaçılara təqdim edib.
Tamaşa əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə tərəfindən səhnələşdirilmişdir. O, həm də tamaşanın plastik həll üzrə rejissorudur. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Əsas rollarda respublikanın əməkdar artisti Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli və Ceyhun Dadaşov çıxış ediblər.
Son dərəcə maraqlı mövzuya həsr olunmuş tamaşa pozğun həyat tərzi keçirən üç oğlan və bir qız arasında münasibətlərdən bəhs edir. Gənc və istedadlı aktyorlar tamaşa boyu məharətli oyunları ilə tamaşaçıların diqqətini cəlb edib, onların rəğbətini qazana biliblər. Məhz buna görə də, onların çıxışları gürcüstanlı tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, respublikamızın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze və başqa rəsmi şəxslər tamaşaçılar arasında olmuşlar.
Tamaşa başa çatdıqdan sonra tamaşaçılar uzun müddət ifaçıları alqışlamışlar.
Səfir Namiq Əliyev Azərbaycanın qardaş Gürcüstanda mədəniyyət günlərinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Diplomat Azərbaycan rəhbərliyinin, həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli dəyərlərimizin qorunub saxlanması və inkişafına gündəlik qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənətinin böyük uğurlar qazandığını, yeni istedadların beynəlxalq səviyyədə ölkəni ləyaqətlə təmsil etdiklərini vurğulamış və Dövlət Pantomima Teatrının bugünkü uğurunun, məhz bu qayğının nəticəsi olduğunu demişdir.
Gürcüstan Mülki İnteqrasiya Fondunun direktoru Zaur Xəlilov gənc aktyorların ifasının onu məftun etdiyini və çoxdan belə məzmunlu tamaşaya baxmadığını bildirmişdir. O, bu teatrın aktyorlarının timsalında Azərbaycan səhnəsinin gələcək ulduzlarının yetişəcəyinə əmin olduğunu söyləmişdir.