Bədii film üçün ssenari üzrə müsabiqə elan olunub
Vətənpərvərlik mövzusu müasir dövrümüzdə aktual olan məsələlərdən biri kimi diqqət mərkəzindədir. Qarabağ torpaqlarını işğal altında olduğu bir zamanda belə bir mövzuya müraciət etmək, yetişən nəsli vətənpərvərlik ruhunda tərbiyə edib, onlarda vətənə məhəbbət kimi bəşəri bir ideyanı aşılamaq, ürəkdən sevən, uğrunda hər zaman cəsarətlə mübarizə aparan insanların vətənpərvərlik tərbiyəsinin, hər bir ürəkdə torpaq qayəsinin bütün digər düşüncələrin fövqündə dayanması müstəqillik yolunda inamla irəlilədiyimiz bu günlərdə daha aktualdır. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
Bunu nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi "Vətən and yerimizdir" mövzusunda bədii film üçün ssenari üzrə müsabiqə elan edib.
Nazirliyin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, qeyd olunan müsabiqəni keçirməkdə məqsəd gənc nəslə vətənpərvərlik ruhu aşılayan, doğma torpaq uğrunda mübarizəni əks etdirən, həmçinin, cəmiyyətdə baş verən müsbət prosesləri kino vasitəsilə işıqlandıran yüksək bədii filmlər yaratmaq, həmçinin, kinodramaturgiya sənətinin inkişafına təkan vermək və kino yaradıcılığına yeni qüvvələri cəlb etməkdən ibarətdir.
Arzu edən hər kəs müsabiqəyə qatıla bilər. Ssenariçilər arasında keçirilən müsabiqə iki iki mərhələ üzrə öz işinə başlayacaq. Müsabiqənin birinci mərhələsinə artıq start verilib. İyunun 15-dən başlanan müsabiqənin birinci mərhələsi avqustun 15-dək davam edəcək. İştirak etmək istəyənlər təşkilat komitəsinə iki-üç səhifədən ibarət sinopsis təqdim etməlidirlər. İkinci mərhələdə isə münsiflər heyətinin seçdiyi 6 sinopsisin müəlliflərinə işləri ssenari şəklində təqdim etmək təklif olunacaq. İkinci mərhələ sentyabrın 1-dən dekabrın 15-dək davam edəcək.
Birinci yeri tutan ssenarinin 2010-cu ildə dövlət sifarişi ilə çəkilməsinə təminat veriləcəkdir. İkinci və üçüncü yerlərə görə müəlliflərə müvafiq olaraq 1.500 və 1000 manat məbləğində pul mükafatları təqdim olunacaqdır.
Yarışmada həvəsləndirici mükafat da nəzərdə tutulmuşdur.