PDF Oxu

Mədəniyyət

  • 10

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinə start verilib

Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinə start verilib
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. Konsertdən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirib. Gürcüstan mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua qonaqları salamlayaraq, Azərbaycan mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu bildirib. Belə tədbirlərin, görüşlərin dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan N.Rurua, Azərbaycan və gürcü xalqlarının tarixi bağlılığına diqqət çəkmiş və demişdir ki, bu dostluğun qədim tarixi vardır, bundan sonra da davam edəcəkdir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti adından qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycan və gürcü incəsənət xadimlərinin mehriban əlaqələrindən söhbət açan Ə.Qarayev, son illər qarşılıqlı mədəniyyət günlərinin keçirilməsində fasilələrə yol verildiyini və bu məsələnin Azərbaycan və Gürcüstan prezidentlərinin tövsiyəsi ilə həllini tapdığını deyib. Ə.Qarayev bildirib ki, Azərbaycan incəsənət ustaları gürcüstanlı tamaşaçılar üçün maraqlı proqram hazırlamışlar. Müstəqil Azərbaycanın müstəqil Gürcüstanda mədəniyyət günlərinin keçirilməsindən məmnunluq duyduğunu vurğulayan nazir, bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Konsert Eldar Mansurovun "Azərbaycan" xoreoqrafiya süitası ilə bağlanıb. Müğənnilər Vəfa Orucova, İlkin Əhmədov, Samira Əliyeva və b-nın ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan Dövlət rəqs ansamblı, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin çıxışları tamaşaçıların rəğbətini qazanıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi Gürcüstan Prezidenti Mixail Saakaşvili qəbul edib.
Mədəniyyət Günləri çərçivəsində Tbilisidəki "Tbilisi Kortiat" mehmanxanasında Gelati Elmlər Akademiyasının akademiki, professor Rövşən Mustafayevin "Mirzə Şəfi nəğmələri" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev açmışdır. Səfir həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olmuş Mirzə Şəfinin ömür yolundan geniş söhbət açmışdır.
Kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının unudulmaz və az məlum olan rus dilindən tərcümələrin toplandığını deyən N.Əliyev bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gərgin əməyi nəticəsində ərsəyə gəldiyini bildirmişdir. Səfir o zaman Tbilisi ədəbi mühitində Mirzə Şəfinin yeri və yüksək nüfuzu barədə söhbət açarkən, həmin dövrün "cənab Zaltsmanın ədəbi divanı" adlandırılan və öz qələbəliliyi ilə seçilən "draxdın"(çayxana) haqqında danışmışdır. Bildirmişdir ki, həmin "draxdın" indi bu tədbirin keçirildiyi əraziyə yaxın yerdə yerləşirmiş və təəssüf ki, artıq o bina yoxdur.
N.Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin bu tədbirdə iştirakından məmnunluğunu vurğulamışdır. Diplomat bu ərazidə tarixi keçmişin bərpası istiqamətində addımlar atılmasını təklif etmişdir. Demişdir ki, həmin binanın bərpası sayəsində xalqlarımızın qədim mədəni əlaqələrinə işıq salınması ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına nail olmaq mümkündür.
Mirzə Şəfi ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri arasındakı oxşarlığa diqqəti cəlb edən N.Əliyev, kitabın müəllifi, xalqımızın vətənpərvər oğlu, həyatdan erkən köçmüş istedadlı alim Rövşən Mustafayevin də vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulamışdır. O, səfirliyin təşəbbüsü ilə Tbilisinin "Universal" nəşriyyatında işıq üzü görmüş bu kitabı Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin inkişafı tarixində orijinal fakt adlandırmışdır.
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua, Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvili, şair-tərcüməçi İmir Məmmədli və b.-ı çıxış edərək mərhum professor R.Mustafayevin "Mirzə Şəfi nəğmələri" kitabının təqdimatı ilə rəsmən açılan Gürcüstanda Azərbaycan mədəniyyət günlərinin dost gürcü xalqının Azərbaycan ədəbiyyatı, incəsənəti və musiqisi ilə yaxından tanışlığında mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nika Rurua demişdir: Ölkəmizdə dost Azərbaycanın mədəniyyət günlərinin başlanmasına çox şadam. Mən nazir Əbülfəs Qarayev başda olmaqla, nümayəndə heyətini Gürcüstanda görməkdən məmnunam. Əminəm ki, bu cür tədbirlər xalqlarımızın daha da yaxınlaşmasında böyük rol oynayacaqdır. Biz də Bakıda Gürcüstan mədəniyyəti günlərinin keçirilməsini arzulayırıq. Ümid edirəm ki, sentyabr, yaxud oktyabrda bunun şahidi olacağıq. Biz azərbaycanlı dostlarımızın öz istedadlarını gürcüstanlı tamaşaçılar qarşısında nümayiş etdirmələri üçün hər şeyi etməyə çalışmışıq və əminəm ki, qonaqlar Gürcüstan torpağında onlara göstərilən münasibətdən razı qalacaqlar."
Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə etmişdir.
Təqdimat mərasimində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı səfiri Nikoloz Natbiladze iştirak etmişlər.
Qeyd edək ki Azərbaycan Respublikasının Gürcüstanda mədəniyyət günləri bir neçə gün davam edəcəkdir. Ölkəmizin incəsənət ustaları təkcə Gürcüstan paytaxtında çıxışlarla kifayətlənməyəcək, həmçinin azərbaycanlıların yığcam məskunlaşdıqları bölgələrə də maraqlı proqramla çıxış edəcəklər.
Prezidentlərimiz arasında dostluq və qardaşlıq münasibəti, siyasi-iqtisadi sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimizin daha da yaxşılaşdırılmasına şərait yaratmışdır. Əminəm ki, qarşılıqlı əlaqələrimiz daha da yüksələcək, bu işdə mədəniyyət sahəsində getdikcə genişlənən əməkdaşlıq öz sözünü deyəcəkdir.

Digər xəbərlər