Raziyyə Şirinovanın yaradıcılıq gecəsi
Azərbaycan Yaradıcılıq Fondunda əməkdar artist, Prezident təqaüdçüsü Raziyyə Şirinovanın yaradıcılıq gecəsi keçirildi.
Tədbirin əvvəlində müğənninin ifasında "Şah İsmayıl", "Leyli və Məcnun" operalarından ariyalar, muğam və xalq mahnıları səsləndi.
Fondun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı Raziyyə Şirinovanın həyat və yaradıcılığı barədə məlumat verərək, Raziyyə Şirinovanın 1962-1964-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil aldığını, daha sonra 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdiyini bildirdi.
Raziyyə xanım hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür.
1980-ci ildə Raziyyə Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilədək teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə, o, bir çox yaddaqalan obrazlar - "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir.
R.Şirinova bir müğənni kimi də böyük uğurlar qazanmışdır. Onun ifasında muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, rejissor Hafiz Fətullayev, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və b.-ı Raziyyə Şirinovanın 50 ilə yaxın səhnədə çalışmasına baxmayaraq, yenə də cavanlıq şövqü ilə yaşayıb-yaratdığını bildirib, ona yaradıcılıq uğurları arzuladılar.