“Almaniya-səyahətlər ölkəsidir” adlı foto-sərgi keçirilib
Almaniya Federativ Respublikasının Azərbayandakı səfirliyinin xətti ilə Şəki Dövlət Rəsm Qalereyasında "Almaniya-səyahətlər ölkəsi" adlı foto-sərgi açılıb.
Şəhər rəhbərliyi, ziyalılar, elm və incəsənət adamlarının qatıldığı tədbiri açan şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova sərginin Azərbaycanda Almaniya həftələri - "Almaniya ilə tanışlıq" çərçivəsində təşkil olunduğunu bildirərək, ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin uğurla inkişaf etməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Şəkililərin artıq alman mədəniyyəti və incəsənətinə dərindən bələd olduqlarını bildirən Z.Cavadova 2009-cu ilin əvvəlində bu ölkənin "Berlin Voices" caz qrupunun, eləcə də alman musiqi duetinin Şəkidəki çıxışlarını xatırladaraq, bu sərginin Almaniya səfirliyinin xətti ilə bu il təşkil olunan üçüncü tədbir olduğunu diqqətə çatdırdı.
Almaniya səfirliyinin əməkdaşı Cəmilə Ağababayeva sərginin artıq iki dəfə Bakıda, daha sonra isə Göygöl şəhərində təşkil olunduğunu qeyd etmiş, sərginin təşkilinə göstərdiyi köməyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sərginin açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəkidə belə tədbirlərin keçirilməsinin artıq ənənə şəklini aldığını bildirib, sərginin Almaniya ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını qeyd etdi.
Almaniya səfirliyi adından şəhər icra hakimiyyətinin başçısına xatirə hədiyyəsi təqdim edildi.
Daha sonra sərgiyə baxış oldu. Sərgidə nümayiş etdirilən əsərlər Almaniyanın gözəl şəhərləri, dünyada məşhur olan tarix-memarlıq abidələri, habelə, turizm obyektləri barədə müfəssəl məlumat verir. Sərgi iyunun sonunadək davam edəcəkdir. Daha sonra isə nümayiş etdirilmək üçün Gürcüstan Respublikasına aparılacaqdır.