“Soyqırımı və erməni təcavüzü” mövzusunda müsabiqə elan edilib
Mahmud Kaşqari adına Beynəlxalq Fond "Soyqırımı və erməni təcavüzü" mövzusunda yazılmış əsərlər üzrə müsabiqə elan etmişdir. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda mətbuat konfransı keçirildi. Fondun icraçı direktoru Elxan Zal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək layihənin məqsədindən danışdı. O bildirdi ki, tarixin müxtəlif dövrlərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması ardıcıl şəkildə davam etdirilmişdir. Lakin həmin mövzuda kifayət qədər sanballı əsərlər yazılmamışdır. Fond yazıçılar arasında bu mövzuya diqqətin artırılmasına çalışır.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair-tərcüməçi Səlim Babullaoğlu, şair Ədalət Əsgəroğlu layihənin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşdü. Bildirildi ki, müsabiqəyə qatılmaq üçün sənədlər fonda (AYB-in binası) iyulun 15-dək təqdim olunmalıdır. Müəlliflər həmin mövzuda yazdığı əsərdən əlavə, özləri haqqında qısa biblioqrafik məlumat və şəkil də təqdim etməlidirlər.
Müsabiqəyə avqustun 15-də yekun vurulacaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun, Milli Məclisin deputatı Qənirə Paşayevanın, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin, Mahmud Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru Elxan Zalın və "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğlunun yer aldığı münsiflər heyətinin qərarına əsasən, qalib müəllifə və birinci, ikinci və üçüncü yerə layiq görülən əsərlərə görə 500, 300, 200 manat məbləğində pul mükafatı veriləcəkdir.
Tədbirdə diqqətə çatdırıldı ki, fond bu mövzuda yazılmış hekayələr və məqalələr toplusunu nəşrə hazırlamağı nəzərdə tutur.