“İrpen Film” Beynəlxalq Festivalında Azərbaycan təmsil olunacaq
Azərbaycan Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək "İrpen Film" Beynəlxalq Festivalında rejissor Fariz Əhmədovun "Lahıc ritmləri" sənədli filmi ilə təmsil olunacaqdır.
İyunun 13-14-də baş tutacaq festivalın təşkilat komitəsinə 48 ölkədən 286 film təqdim edilmişdir. Onların arasından seçilən 50 film sırasında "Lahıc ritmləri" də vardır. Yeddi nominasiya üzrə keçirilən festivalda hər nominasiyada təqribən 7 film göstəriləcəkdir. Qalibləri münsiflər heyəti deyil, filmi izləyən tamaşaçılar müəyyənləşdirəcəkdir.
"Lahıc ritmləri" filmi 2008-ci ildə "İmper Qrup" prodüser mərkəzində istehsal olunmuşdur. Ssenari müəllifi Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır.
Kino lentinə çəkilmiş 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc kəndində yaşayan insanların birgünlük həyatı təsvir edilmişdir.