Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri
İyunun 16-20-də Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Qonşu ölkədə mədəniyyətimizi təmsil edəcək 90 nəfərlik nümayəndə heyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Mədəniyyət günlərinin təntənəli açılış mərasimi iyunun 16-da Tbilisi Dövlət Opera və Balet Teatrında keçiriləcək.
Nümayəndə heyətinin tərkibinə xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Kamera Orkestri, Xalq Artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı, Dövlət Pantomima Teatrının kollektivi, xalq artisti Rauf Babayevin rəhbərliyi ilə "Qaya" ansamblı, Salman Qəmbərovun "Bakustik-caz" qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən vokal ifaçıları Samir Cəfərov, İnarə Babayeva, muğam ifaçıları Təyyar Bayramov, Vəfa Orucova, əməkdar artistlər - tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov, aşıq Samirə Əliyeva daxildirlər. Gürcüstanlı tamaşaçılar fotoqraf və rəssamlarımızın işlərindən ibarət müasir incəsənət sərgisini də seyr edə biləcəklər.
Azərbaycan mədəniyyətinin təmsilçiləri Rustavi və Bolinisi rayonlarında da seyrçilər qarşısında çıxış edəcəklər.
Gürcüstanda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində iyunun 18-də Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Azərbaycanda olan Gürcüstan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi və dövlət teatrı, habelə, Gürcüstanda olan Azərbaycan xadimlərinin muzeyləri, mədəniyyət mərkəzi və dövlət teatrının fəaliyyəti üzrə alt komissiyasının birinci iclası keçiriləcək.