Xalq şairi Süleyman Rüstəm anıldı
Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin vəfatının 20 illiyi ilə əlaqədar ölkə ictimaiyyətinin nümayəndələri və ziyalılar Fəxri Xiyabanda onun məzarını ziyarət etmiş, qəbiri üstünə gül dəstələri qoymuşlar.
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən mərasimdə AYB-in sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, yazıçı-publisist Nahid Hacızadə, şairlər Fikrət Sadıq, Abbas Abdulla, Oqtay Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin həyat və yaradıcılığından danışdılar. Qeyd olundu ki, o, dövrünün ən incə zövqlü lirik şairləri olan Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmət göstərmişdir. Onun yazdığı və özünəməxsus həyatsevərlik ruhu duyulmuş əsərləri daim yaşayacaqdır.
Azərbaycan ədəbiyyatında poeziyamızın klassik ənənələrinin parlaq davamçısı kimi nikbin ruhlu S.Rüstəmin yaradıcılığında Cənub mövzusu mühüm yer tutur. Yazdığı əsərlər XX əsr Azərbaycan şeirinin incilərindən sayılır. Ümummilli lider Heydər Əliyev xalq şairinə daim diqqət və qayğı ilə yanaşmışdır. Süleyman Rüstəm ictimai-siyasi xadim kimi də tanınmış, uzun müddət keçmiş Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.
Xalq şairinin oğlu Azad Rüstəmzadə ümummilli lider Heydər Əliyevin atasına daim diqqət və qayğı ilə yanaşdığını söyləyərək, Prezident İlham Əliyev tərəfindən şairin 100 illik yubileyi ilə əlaqədar fevralın 6-da Sərəncam imzalandığını, "Şərq-Qərb" nəşriyyatında "Seçilmiş əsərləri"nin üçcildliyinin latın qrafikası ilə çap olunduğunu diqqətə çatdırdı. O, görkəmli şairin yaradıcılığına verdikləri yüksək qiymətə görə minnətdarlığını bildirdi.