PDF Oxu

Mədəniyyət

  • 10

“Don Kixot” baletinin tamaşası oynanılacaq

“Don Kixot” baletinin tamaşası oynanılacaq
Tamaşaçıların çox zaman qastrolçuların - məşhur balet sənəti ulduzlarının ifasında seyr etdikləri balet, bu dəfə truppanın gənc solistlərinin ifasında təqdim olunacaqdır. Və önəmli olan cəhət budur ki, tamaşada aparıcı partiyalardən biri, Kitri rolunu ilk dəfə olaraq teatrın gənc solisti Nigar İbrahimova ifa edəcəkdir. Sirr deyildir ki, akademik sənət növü olan balet sənəti sahəsində milli kadrlar hələ də arzuolunan sayda deyildir. Bu nöqteyi-nəzərdən Opera və Balet Teatrının rəhbərliyi professional milli kadrların yetişməsinə böyük önəm verir və gənclərin teatrın səhnəsində imkanlarını nümayiş etdirməsinə hər zaman geniş şərait yaradır. Elə Nigar İbrahimovanı da bu sıraya aid etmək olar.
21 yaşlı gənc balerina beş ildən artıqdır ki, teatrda çalışır. Balet solisti üçün vacib olan yüksək göstəriciləri, səhnə görkəmi ilə diqqəti cəlb edən Nigar, hələ Bakı Xoreoqrafiya Məktəbinin I kursunda təhsil alarkən, teatra işə qəbul edilmiş və truppanın tanınmış solistlərinin təcrübəsindən, baletmeyster və repetitorların tövsiyyələrindən yararlanaraq öz üzərində yorulmadən çalışmış və artıq truppanın ümidverən solistlərindən biri kimi yetişmişdir. N.İbrahimova indi repertuarda olan bir sıra tamaşalarda (Q.Qarayev "Don Kixot" - Dulsineya, "Yeddi gözəl" Hind gözəli. P.Çaykovski "Şelkunçik" - Maşa) əsas partiyaları və solo rəqsləri müvəffəqiyyətlə ifa edir. Gənc solistin uğurlarını qiymətləndirən teatr rəhbərliyi, bu dəfə ona daha mürəkkəb bir rol "Don Kixot" baletində (L.Minkus) Kitri rolunu etibar etmişdir. İstedadla yanaşı balet artisti üçün çox vacib olan, həddən ziyadə zəhmətsevərliyi sayəsində Nigar İbrahimovanın budəfə də ona göstərilən etimadı doğruldacağına teatr rəhbərliyi möhkəm inanır.
Tamaşada N.İbrahimovanın tərəf müqabili kimi Bazil rolunda respublikanın əməkdar artisti, Prezident mükafatçısı Yuri Lobaçov çıxış edəcəkdir.
Heç şübhəsiz ki. baletsevərlər iyunun 20-də Opera və Balet Teatrının səhnəsində çox maraqlı və gözəl bir tamaşının şahidi olacaq və böyuk sınaq qarşısında olan gənc istedadların çıxışını qiymətləndirəcəklər.

Digər xəbərlər