“Eurovision-2010” müsabiqəsinə milli seçim turunun hazırlığına başlanılıb
Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçim turunun hazırlığına başlanılmışdır. Bu addım seçim turundan əvvəl milli seçimdə iştirak etmək istəyən müğənniləri tanımaq məqsədi daşıyır.
Artıq müxtəlif internet saytlarında seçimdə iştirak etməklə bağlı Azərbaycan, rus və ingilis dillərində anketlər də yerləşdirilmişdir. Milli seçim turunda iştirak etmək imkanı qazanmaq üçün bu anketləri doldurmaq və bununla bağlı təşkilat komitəsinə müraciət etmək lazımdır. "Eurovision-2010" müsabiqəsi üçün milli seçim turunun vaxtı hələ dəqiq müəyyənləşməyib. Azərbaycanın "Eurovision-2010" mahnı müsabiqəsi üçün milli seçim turunun Bakıda bir neçə aydan sonra keçirilməsi planlaşdırılır. Sadəcə, hazırda iştirakçı olmaq istəyənlərin anketlərinin doldurulması prosesinə başlanılmışdır.
Qeyd edək ki, internetdə yerləşdirilən anketdə müğənninin iki mahnı ilə - biri ritmik, digəri isə lirik olmaqla seçimə qatıla biləcəyi göstərilmişdir. Şərtə görə xarici dil bilən müğənnilərə üstünlük verildiyi də qeyd olunmuşdur. Artıq anketlərlə onlara müraciət edənlər də vardır.