Azərbaycanda Qətər Dövlətinin Mədəniyyət Günləri keçiriləcək
Azərbaycanın dünya dövlətləri ilə mədəni əməkdaşlığı artmaqda davam edir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət Günlərinin təşkili, eləcə də, respublikada keçirilən müxtəlif mədəniyyət tədbirləri ölkəmizin dünya dövlətləri ilə sıx əməkdaşlığının faormalaşmasını təsdiqləyir.
Mədəniyyət və Turizm Nazirliyini Mətbuat xidmətindən İntiqam Hümbətovun verdiyi məlumata əsasən, bu məzmunda olan tədbirlərin davamı olaraq iyunun 8-ndən 12-nə kimi Azərbaycanda Qətər Dövlətinin Mədəniyyət Günləri keçiriləcəkdir. 58 nəfərdən ibarət nümayəndə heyətinə Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının Baş Katibi Mübarək Bin Nasir Əl-Xəlifə başçılıq edəcək.
Mədəniyyət günlərinin rəsmi açılış mərasimi iyunun 9-da Muzey Mərkəzində keçirələcəkdir.
Mərasimdə Qətər və onun adət-ənənələri haqqında qısametrajlı sənədli filmlər göstəriləcək, təsviri sənət nümunələrindən ibarət sərgi təşkil ediləcəkdir. Muzeyin qarşısında ənənəvi Qətər çadırları qurulacaq, gəmidüzəltmə və xınaçılıq sənətlərinin nümayişi keçiriləcək, milli şirniyyatlar hazırlanacaqdır. Mədəniyyət günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada Dr. Xalid Yusif Ər-Dərbəşti tərəfindən Qətərdə investisiya imkanları barədə mühazirə oxunacaq, Rəşid Behbudov adına Mahnı Teatrında isə folklor rəqs qrupunun çıxışı olacaq.
Bundan başqa eyni proqramla nümayəndə heyətinin 10 iyun tarixində Mərdəkan qəsəbəsinə, 11 iyun tarixində isə Suraxanı rayonuna səfəri planlaşdırılmışdır.