Tədris ilinin başa çatması münasibətilə tədbir keçirilib
Qax uşaq incəsənət məktəbi növbəti tədris ilinin başa çatması münasibətilə rayon ictimaiyyəti və valideynlər qarşısında yekun-hesabat konserti ilə çıxış etmişdir. Rayon mədəniyyət evində keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Soltan Hacıyev kollektivin qazandığı uğurlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, məktəbdə 10 ixtisas üzrə 390 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 80 nəfərə yaxın müəllim və konsertmeyster məşğul olur. Ötən tədris ilində məktəbin rəssamlıq şöbəsinin şagirdləri Belorus, Polşa və Qırğızıstanda keçirilən beynəlxalq rəsm müsabiqələrində uğurla çıxış etmiş, fəxri fərmanlarla mükafatlandırılmışlar. Bundan əlavə, məktəbin 1-ci sinif şagirdi Günel Kərimli martda Bakıda keçirilən "Novruz-Bahar bayramı" adlı rəsm müsabiqəsində 1-ci yeri tutmuş, Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatını almışdır. Məktəbin "Tumurcuq" rəqs ansamblı uşaq rəqs kollektivlərinin II Respublika baxış-festivalının yekun konsertində çıxış etmiş, nazirliyin diplomuna layiq görülmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kollektivi qazandığı uğurlar münasibətilə təbrik etmiş, böyüməkdə olan gənc nəslin mənəvi-estetik tərbiyəsinin daha da gücləndirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi işində pedaqoqlara uğurlar arzulamışdır.
Məktəbin rəhbərinə rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanı təqdim olunmuşdur.
Yekun konsertində şagirdlərin tar, kamança, fortepiano, qarmon və digər musiqi alətlərində ifa etdikləri Azərbaycan və dünya bəstəkarlarının əsərləri, "Tumurcuq" rəqs ansamblının şux rəqsləri, balaca xanəndələrin, xalq çalğı alətləri ansamblının yaddaqalan ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.