PDF Oxu

Mədəniyyət

  • 4

Strasburqda hər ayın sonu ölkəmizlə bağlı iki saatlıq radio verilişi səsləndirilir

Strasburqda hər ayın sonu ölkəmizlə bağlı iki saatlıq radio verilişi səsləndirilir
Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşəbbüsü ilə hər ayın sonuncu bazar günü fransız dilində ölkəmizlə bağlı iki saatlıq radio verilişi səsləndirilir. Mayın 31-də efirə getmiş növbəti radio proqramı 28 May Respublika Gününə həsr olunmuş verilişlə başlamışdır. Verilişdə Azərbaycanın tarixinə toxunulmuş, çar Rusiyası və Sovet İttifaqı dövründə ölkəmizdə baş vermiş hadisələrdən bəhs olunmuş, XX əsrdə bütün Şərq aləmində ilk demokratik və müstəqil dövlət kimi 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti barədə məlumat verilmiş, onun yaradılmasının 91-ci ildönümü ilə bağlı ölkəmizdə, onun hüdudlarından kənarda, habelə, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayandəliyinin təşəbbüsü ilə Strasburqda bayram tədbirlərindən söz açılmışdır.
Strasburq Universitetinin tələbəsi soydaşımız Dilbadi Qasımovun İşgəncələrə qarşı Avropa Komitəsinin fəaliyyətindən bəhs edən doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsindən, Fransada işgüzar səfərdə olmuş Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ilə "Azərbaycan evi"ndə keçirilmiş görüş və onun Parisdə fransız dilində nəşr olunmuş "Azərbaycanca danışaq" kitabının Strasburq Universitetinin Türk dili departamentində təqdimatının keçirilməsi radio verilişinin əsas süjetlərindən olmuşdur.
Qeyd edim ki, verilişdə son zamanlar ölkəmizdə baş vermiş ən mühüm hadisələr, habelə, mayın 16-da Moskvada keçirilmiş "Avrovizion-2009" müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə ilə Araşın qələbəsi barədə fransız dinləyicilərinə ətraflı məlumat verilmişdir.
Veriliş əvvəldən axıra kimi Azərbaycan musiqisi ilə müşayiət olunmuşdur.
Növbəti Azərbaycanla bağlı gələcək veriliş iyunun 28-də efirə gedəcəkdir.

Digər xəbərlər