Berlində rəssamların yaradıcılıq sərgisinin açılışı olacaq
İyunun 7-də Azərbaycan Mədəniyyət Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Berlin-Bakı və Qız Qalası qalereyalarının təşkilatçılığı ilə Berlində xalq rəssamı, tanınmış fırça ustası Arif Hüseynovun və istedadlı gənc rəssam Orxan Hüseynovun birgə yaradıcılıq sərgisi açılacaqdır.
Berlin-Bakı Qalereyasında nümayiş etdiriləcək sərgidən əvvəl "Təhsil" Nəşriyyat-Poliqrafiya Müəssisəsi alman sənətsevərlərinə təqdim olunacaq əsərlərin kataloqunu nəfis tərtibatda çap etmişdir.
Kataloq Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Almaniya sənətsevərlərinə müraciəti ilə açılır. Bu sərginin xalqlarımız arasında tarixi dostluq körpüsünün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyin vurğulandığı müraciətdə diqqətə çatdırılır ki, xalqımızın çox qədim və zəngin bədii ənənələrə malik olan sənət növləri, bu gün də ilkin təravətində canlanmaqda və səslənməkdədir.
Müraciətdə bildirilir ki, son illər ölkəmizdə ulu keçmişli muğam və xalça sənətinə, müasir təsviri sənətə diqqət xüsusilə artmışdır və bu sərgi almaniyalı sənətsevərlərə təqdim olunan miniatür janrda yaradılmış əsərlərdən ibarət ilk genişmiqyaslı sənət nümunələridir. Arif və Orxan Hüseynovların yaratdıqları müxtəlif mövzulu əsərlər də tarixən muğam və xalça sənəti ilə vəhdət təşkil edən və hazırda yeniləşmə mərhələsini yaşayan qədim miniatür sənətinə muasir və yaradıcı münasibətin ifadəsidir.
Müraciətdə yüksək bədii dəyərinə görə rəğbətlə qarşılanan ekspozisiyanın dost Almaniyada da uğur qazanacağına, bütünlükdə yaddaqalan təbir kimi Azərbaycan-alman mədəni əlaqələrində müsbət iz qoyacağına inam ifadə olunmuşdur.
40-dan çox əsərin yer aldığı kataloq çağdaş Azərbaycan rəssamlığında bir-birini əvəzləyən bədii axtarışların ən yeni mənzərənin nümayişidir. Xalq rəssamı Arif Hüseynovun və gənc rəssam Orxan Hüseynovun bugünkü yaradıcılığı, qədim milli ənənələrə müraciətləri, çoxəsrlik tarixi olan miniatürün bədii-estetik prinsiplərinə yaradıcı münasibətləri təqdir olunmalıdır.
Azərbaycan Mədəniyyət Fondunun maliyyə dəstəyi ilə nəşr olunan kataloqda rəssamlarımızın yaradıcılıqları barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rəssamlar İttfaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov və sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də fikirlərini bölüşmüşlər.