Vaqif Rəhmanovun fərdi sərgisi açılıb
Almatıdakı "OYU" sərgi salonunda Qazaxıstanda yaşayan həmyerlimiz, tanınmış heykəltəraş, Qazaxıstanın əməkdar mədəniyyət işçisi Vaqif Rəhmanovun fərdi sərgisi açılıb.
Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, diplomatlar, alimlər, tələbələr və Azərbaycan diasporunun üzvləri sərginin açılış mərasimində iştirak ediblər.
Bir ay davam edəcək sərgidə müəllifin 30-a yaxın monumental və plastik üslubda hazırlanmış, tarix, fəlsəfə, mifologiya mövzusunda olan heykəltəraşlıq işi, 25 tablosu nümayiş etdirilir. Onların arasında Azərbaycan və digər türkdilli xalqların tarixinə və mədəniyyətinə həsr olunmuş əsərlər də vardır. Yerli heykəltəraşların fikrincə, bu gün Vaqif Rəhmanov təkcə Azərbaycan və Qazaxıstanda deyil, bütün dünya heykəltəraşları arasında özünəməxsus yer tutur. Onun bürünc və şüşə materiallardan hazırladığı əsərlər diqqəti xüsusi cəlb edir.
Vaqif Rəhmanov indiyədək beynəlxalq və respublika səviyyəli 70-dən artıq sərgidə iştirak edib. Heykəltəraşın indiyədək Kanada, ABŞ və Yaponiyanın müxtəlif şəhərlərində, Rusiya, Bolqarıstan, Macarıstan, Polşa, Latviya, Türkmənistan və digər ölkələrdə fərdi sərgiləri açılıb. 1989-cu ildə Bakıda keçirilmiş fərdi sərgisində isə onun əsərləri qızıl medala və diploma layiq görülüb.
Heykəltəraşın əsərləri Azərbaycan, Almaniya, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Avstraliya, Danimarka və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Qazaxıstan Milli Muzeyində, Respublika Dövlət Tətbiqi Sənət Muzeyində, həmçinin, bir sıra vilayət və şəhər muzeylərində sənətkarın xeyli əl işi mühafizə olunur.