PDF Oxu

Mədəniyyət

  • 12

Ukraynada Azərbaycan Mədəniyyəti Günləri

Ukraynada Azərbaycan Mədəniyyəti Günləri
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokola əsasən, Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycandan Ukraynaya yola düşən 80 nəfərlik nümayəndə heyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəhbərlik edirdi.
Rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya daxil idi. Səfərin ilk günü nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığındakı bağda ucaldılmış abidəsini ziyarət etmiş, daha sonra isə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın yaxınlığında şairin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Mərasimdə səfir Tələt Əliyev, Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, diasporumuzun fəalları iştirak etmişlər.
Elə həmin axşam Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərgi açılmışdır. Sərgini hər iki ölkənin Mədəniyyət və Turizm nazirləri Əbülfəs Qarayev və Vasil Vovkun açmış, ölkələrimizin mədəni əlaqələrindən danışmışlar. Əbülfəs Qarayev bildirmişdir ki, ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunmuşdur. Əsərləri burada nümayiş olunan bəzi rəssamların əsərləri məşhur Sotbis hərracına çıxarılacaq. Bu isə Azərbaycan təsviri sənət məktəbinin dünyada tanınmasından xəbər verir, iyunun 5-də isə rəssamlarımızın əsərləri Venesiyadakı Beynəlxalq Müasir İncəsənət Biennalisində sərgilənəcək. Bir gün əvvəl isə orada ukraynalı rəssamların əsərlərinin nümayiş olunmasında da sanki bir qanunauyğunluq var. Azərbaycan və Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Əbülfəs Qarayev bildirdi ki, tərəflər iki respublikada hər il mədəniyyət günləri keçirmək barədə razılığa gəlmişlər. Vasil Vovkun da bu sərginin Ukrayna sənətsevərləri üçün əsil bayram olduğunu dedi və istedadlı Azərbaycan rəssamlarına uğurlar arzuladı.
Sonra Milli Filarmoniyada Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı və bayram konserti oldu. Əbülfəs Qarayev açılış nitqində birgə tədbirlərin keçirilməsinin xoş ənənəyə çevrildiyini söylədi. Azərbaycan və Ukrayna prezidentlərinin tapşırığı ilə nazirliklər son 3 ildə, iki dost ölkə arasında mədəni əlaqələri daha da fəallaşdırmışlar. Ötən il Azərbaycanda keçirilmiş Ukrayna Mədəniyyəti Günləri parlaq və yaddaqalan hadisəyə çevrildi. Əbülfəs Qarayev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Vasil Vovkuna təşəkkürünü bildirdi. Ukraynanın mədəniyyət və turizm naziri də azərbaycanlı qonaqları və həmkarı Əbülfəs Qarayevi səmimi salamlayaraq, bildirdi ki, iki dost ölkə mədəniyyət sahəsində səmərəli əməkdaşlığın və əlaqələrin daha da dərinləşdirilməsi nümunəsi göstərir. O, xatırlatdı ki, Azərbaycanda görkəmli şair Ukrayna xalqının görkəmli qızı Lesya Ukrainkanın, azadlıq və müstəqillik nəğməkarı Taras Şevçenkonun, Ukraynada isə görkəmli dövlət xadimi, məşhur siyasi xadim Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dahi şair Səməd Vurğunun abidələri ucaldılıb. Nazir əmin olduğunu bildirdi ki, dost xalqlar arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Konsert proqramı xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun "Ey Vətən" əsəri ilə başlandı və Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı, solistlər -xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, əməkdar artist, xanəndə Gülyaz Məmmədova, müğənni Lalə Məmmədova, xanəndə Səbuhi İbayev və Uşaq Filarmoniyasının solisti Rəşid Seyidovun ifaları ilə davam etdi. Xormeyster Gülbacı İmanova, baletmeyster Cəmilə Bayramova, səs rejissoru Vahid Talıbov, konsertin direktoru Elçin Abbasov, quruluşçu rejissor Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əli Usubov idi. Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kiyevin peyk şəhəri İrpendə davam etdirildi. Bu şəhərdə mərkəzi küçələrdən biri dünya şöhrətli oftalmoloq alim Zərifə xanım Əliyevanın adını daşıyır, eləcə də, inşa olunan məktəbə alimin adı verilib və "Zərifə parkı"nda abidəsi ucaldılıb.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyəti Zərifə xanımın abidəsini ziyarət edərək, həmvətənlərimiz çoxluq təşkil edən bu səfalı yerdə, daha bir maraqlı repertuar əsasında hazırlanmış konsert verdilər.

Digər xəbərlər