“Hökmdarın taleyi” filminin ilk geniş premyerası keçirildi
Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəvi dramı əsasında xalq yazıçısı Elçinin ssenarisi ilə çəkilmiş "Hökmdarın taleyi" filminin ilk geniş premyerası keçirildi. Filmin nümayişindən əvvəl ekran əsərində əsas rolların ifaçıları tamaşaçılar qarşısında çıxış etdilər. Baş rolun ifaçısı xalq artisti Fəxrəddin Manafov çıxışında filmin çəkiliş prosesindən danışdı. O bildirdi ki, film geniş ictimaiyyətə 28 May Respublika Günü və İlyas Əfəndiyevin 95 illik yubileyi ərəfəsində təqdim olunur. Filmdə tariximizdən bəhs olunur, tarix isə millətin tərcümeyi-halıdır. Tariximizin dərdli, ağrılı səhifələri çox olub.
Filmin istehsalı prosesində 200-dək yardıcı və texniki heyətin çalışdığını bildirən Fəxrəddin Manafov Müdafiə Nazirliyinin əsgər və zabit heyətin də buraya əlavə edilsə, həmin rəqəmin 1000-ə çatdığını vurğuladı. Aktyor çıxışı zamanı onu da bildirdi ki, filmdə yazıçı-dramaturq Elçinin nəvəsi İlyas Əfəndiyev də çəkilib.
Qeyd edək ki, film "A.S.V.A Profi Studia XXI" Prodüser Mərkəzində istehsal olunub. "Hökmdarın taleyi" filminin çəkilişləri iki il davam etmişdir. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə İbrahim xan obrazını xalq artisti Fəxrəddin Manafov canlandırıb.
Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Balıyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Aleksandr Şarovski, Leyli Hüseynli, Əli Cəfərov, rusiyalı aktyorlar Daniil Spivakovski, Aleksandr Qalibin, İlya Şakunov, Tacikistan aktyoru Saydo Kurbanov və başqaları çəkiliblər.
Film "Mostfilm"in nəzdində fəaliyyət göstərən "Ton studio"da Azərbaycanda indiyədək istifadə edilməyən "Dolbi 1/5" sistemində səsləndirilib.