İrəvan Azərbaycan Dövlət Dram Teatrın repertuarında yeni tamaşa
İrəvan Azərbaycan Dövlət Dram Teatrında yeni bir tamaşa üzərində məşqə başlanılmışdır. Bu, "Adəm və Həvva"dır. Teatrın repertuarına daxil olacaq tamaşa bütün insanların ulu babası, Allahın yaratdığı ilk insanlardan bəhs edir. Səhnə əsəri yazıçı Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında səhnələşdirilir. Mücərrəd formada olan tamaşaya quruluşu Nazir Rüstəmov verir. Səhnə əsərində Adəm və Həvva indiki zamana gələrək müasir dövrün insanları ilə qarşı-qarşıya durur. Burada onlara məhkəmə qurulur. Adəm və Həvva müasirlərinə etmədikləri günaha görə ittihama çəkilmələrinin haqsız olduğunu sübut etmək istəyir.
"Adəm və Həvva" tamaşasında rolları xalq artisti Süleyman Nəcəfov, əməkdar artist Vaqif Kərimov, aktyorlar Samir Bayramov, Əhliman Ərşədov, Aslan Məmmədov, Pərviz Gülməmmədov və b. ifa edirlər. Səhnə əsərində rəqslərə quruluşu Vüsal Mehrəliyev verib. Tamaşanın səhnə tərtibatı da rejissor Nazir Rüstəmova məxsusdur.
Tamaşanın premyerası mayın sonlarında İrəvan Azərbaycan Dövlət Dram Teatrında nümayiş etdiriləcək.