Azərbaycan beynəlxalq münasibətlərdə
Tarix elmləri namizədi, dosent Ərrahman Əhmədovun bu yaxınlarda işıq üzü görən "Azərbaycan beynəlxalq münasibətlərdə" (Türkdilli dövlətlərlə əlaqələr. XX əsrin 90-cı illəri) adlı elmi monoqrafiyası Azərbaycanın XX əsrin son on illərində əsrin əvvəllərində itirdiyi müstəqilliyini təkrar bərpa edildikdən sonra, beynəlxalq münasibətlər zəminində fəaliyyətini ilk dəfə olaraq hərtərəfli və kompleks halda, elmi cəhətdən araşdırmalar əsasında tədqiq olunaraq təhlil edən irihəcmli tədqiqat əsəridir.
Əsərdəki konkret faktlar və rəqəmlər, tədqiqatlar müəllifin elmi axtarışlarından xəbər verir. Monoqrafiyada diqqəti cəlb edən cəhətlərdən biri Azərbaycan dövlətinin və xalqının ümumtürk birliyinin möhkəmləndirilməsində aparıcı rolunun müəyənləşdirilərək onun bugünkü dövrümüzdə aktuallığıdır ki, bu da tədiqatçının təfəkkür süzgəcindən qaynaqlanaraq oxucuya müsbət təsir bağışlayır. Uzun illərin elmi axtarışların məhsulu olaraq meydana çıxan monoqrafiya giriş və dörd fəsildən ibarətdir: "Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığının tarixi zəmini, "Azərbaycanın türkdilli dövlətlərlə siyasi münasibətləri və ümümtürk birliyinin formalaşmasında onun yeri, "Azərbaycanın türdilli dövlətlərlə müstəqil iqtisadi əlaqələrinin yaradılması və iqtisadi inteqrasiyanın dərinləşəməsində bu əlaqələrin yeri, "Azərbaycan Respublikasının türkdilli dövlətlərlə mədəni əlaqələrinin yeni formada təşkili və milli mənəviyyatın daha da zənginləşməsində onun rolu fəsillərində müəllif siyasi əlaqələrin yaradılması və inkişafı, iqtisadi, təhsil, elmi əməkdaşlıq və s. məsələlərə toxunaraq, bu münasibətlərin formalaşmasında Azərbaycanın potensial gücə malik olduğunu göstərir. Qeyd olunan fəsillərdə Azərbaycanın türdilli dövlətlərlə əməkdaşlığının tarixi zəmini, müstəqil əlaqələrinin yaradılması və interasiyanın dərinləşməsi prosesində mövcud əlaqələrin Azərbaycanın türkdilli dövlətlərlə münasibətində yeni formada əksini tapdığı göstərilir. Monoqrafiyada çox geniş istifadə edilmiş ədəbiyyat səhifəsi, internet materialları, 20 səhifəyə yaxın ayrı-ayrı illər üzə müstəqil türkdilli dövlətlərlə Azərbaycanın ticarət dövriyyəsini əks etdirən cədvəllərin işlənib təqdim edilməsi müəllifin əməyi olaraq özünü büruzə verir. Əsərdə göstərilir ki, XX əsrin 90-cı illəri Azərbaycan xalqı üçün deyil, ümumiyyətlə, bütövlükdə türk dünyası üçün əlçatmaz olmuşdur. Əvvəlki dövrdə dünya birliyində türk dünyasını Türkiyə Cümhuriyyəti təmsil edirdisə, dünyada baş verən prosesin müsbət nəticəsi olaraq yeni dövlətlər, türkdilli dövlətlər yaranaraq (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan) ümumtürk birliyi müstəqil dövlətlərin icmasında daha təkmilləşdi. Kitabda məhz bu hadisələrdən sonra türk dünyasında güclü canlanmanın başlandığı vurğulanır. XX yüzilliyin son on illiyi Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq və regional inteqrasiya prosesinə qoşulduğu dövrdür.
Monoqrafiyada Azərbaycanın müstəqillik tarixindən sonra həyata keçirdiyi xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərindən birinin də türkdilli ölkələrlə olan münasibətini təşkil etmişdir. Hazırda 4.716000 km ərazini əhatə edən və 140 milyondan çox əhalisi olan türdili dövlətlər birliyi dünya siyasətinə təsir edə biləcək bir qüvvədir və bu qüvvəni tam rallaşdırmaq bu dövlətlər qarşısında prioritet məsələ olmuşdur. Qeyd etmək lazımdır ki, XX əsrin 90-cı illəri müstəqil türk dövlətlərinin yaradılması və dövlətlər arasında, demək olar ki, həyatın bütün sahələrinin inkişaf etdiyi dövrdür. Elmi monoqrafiyada tədqiqatçı qeyd edir ki, türdilli dövlətlərin hər hansı bir yaxınlaşmasını faciə kimi qiymətləndirənlərə qarşı cavab olaraq 1994-cü il fevral tarixində ümummilli lider Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərkən tutarlı cavab vermişdir: "Türkdilli xalqlar və dövlətlər arasındakı əlaqələrin böyük tarixi vardır. Biz kökü bir olan xalqlarıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər. Azərbaycan ilə türkdilli dövlətlər arasındakı əlaqələr dostluq, qardaşlıq əlaqələrin adlanmışdır. Bu əlaqələr bir qaynaqdan, bir kökdən gələn xalqımızın əlaqələridir. Keçmişdə də belə olmuşdur, indi də belədir. Ona görə də, tariximiz, milli köklərimiz, adət-ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağalamışdır."
Müəllif monoqrafiyada vurğulayır ki, tarixi zaman baxımından ötən yüzilliyin 90-cı illərində çox da böyük olmasa da, əldə edilmiş nailiyyətlər və uğurlar türdilli xalqların yaşanmış olduğu sarsıntı və problemlər, cəmiyyətdə vəziyyəti normallaşdırmaq naminə həyata keçirilmiş tədbirlər baxımından onilliklər boyu görülmüş işlərə bərabər sayıla bilər. Müəllif gərgin axtarışlar nəticəsində əldə etdiyi materialları təhlil edərək, Azərbaycanın türkdilli ölkələrlə beynəlxalq əlaqələrini dövrlərə ayırır. Birinci dövrdə əməkdaşlıqlar bütün hallarda Moskva tərəfindən tənzimlənmiş və mərkəzin cızdığı sərhədlərdən kənara çıxa bilməmişdir. O, monoqrafiyanın birinci fəslində hələ sovet dövründə Azərbaycanın türkdilli ölkələrlə mövcud olmuş əlaqələrinə elmi və tənqidi yanaşaraq, onun çox aktual məsələ olduğunu qeyd edir.
Monoqrafiyada belə bir nəzəri müddəa irəli sürülür ki, tarix boyu milli-azadlıq məfkurəsi gətirən və onu yaddaşlarından silməyən Azərbaycan xalqı öz mübarizəsində saysız qurbanlar versə də, bu müsbət keyfiyyətini itirməmişdir. Belə ki, Azərbaycan usanmaq bilmədən aparılan mübarizə əsasında öz azadlığını, müstəqilliyin əldə etdi. Müəllif Azərbaycanın hər zaman Türkiyə dövlətini özünə dayaq və himayəçi sandığını göstərir. Təqdiqatçı monoqrafiyada irəli sürür ki, 1918-ci ilin mart ayında türklər Azərbaycan xalqını daşnak bolşeviklərindən müdafiə etməsəydilər, xalqa qarşı törətdikləri qanlı qırğında 35 min nəfəri deyil, daha çox azərbaycanlı qətlə yetirilmiş olardı.
Müəllif göstərir ki, 1920-ci il aprelin 28-də Sovet Rusiyasının işğalından sonra da Türkiyə Azərbaycanı tanıyaraq onunla hərtərəfli əlaqələr qurmaq arzusunda olmuşdur. Müəllifin araşdırmalar əsasında ərsəyə gətirdiyi tədqiqat əsəri tədqiqat miqyasının genişliyinə görə seçilən ən irihəcmli əsərlərdəndir. hər fəsil müasir dövrdə türkdilli dövlətlər arasında meydana çıxan çətinlikləri və birliyin fomalaşmasındakı maneələrdən söz açır. Yaxın gələcəkdə türkdilli dövlətlərin dünyanın iqtisadi, siyasi və hərbi baxımdan qüdrəti ilə seçiləcəyini müəllif inam hissi ilə vurğulayır.
Kitabda "Dağlıq Qarabağ məsələsi Azərbaycanın türkdilli dövlətlərlə siyasi münasibətləri fonunda" başlıqlı yazıda Azərbaycanın müstəqillik qazandıqdan sonra böyük dövlətlərin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi "Dağlıq Qarabağ məsələsinin" Azərbaycanın türkdilli dövlətlərlə siyasi münasibətləri fonunda təhlil edilir. Bununla bağlı qeyd olunur ki, sovet dönəmində ittifaqın millətlərə və dinlərə qarşı sərt münasibətlərin nəticəsi olaraq türkdilli respublikalar bir dinə və eyni soykökə mənsub olmalarını etiraf edə bilmirdi. Odur ki, ittifaqın tərkibindəki türkdilli respublikalar Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini müdafiə edə bilmirdi. Bu münaqişədə Mərkəzi Asiyanın türkdilli respublikalarının gizli simpatiyaları da var idi.
Əsərdə göstərilir ki, Sovet İttifaqının çökməsindən sonra rəsmi Ankara Azərbaycanın və Mərkəzi Asiyanın türdilli dövlətlərin müstəqilliyini dərhal tanıdı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində köməyini əsirgəməyəcəyini bildirdi. Monqrafiyadakı təhlillər, analitik araşdırmalar nəticəsində müəyyən edilir ki, müstəqilliyi bərpa olunduqdan sonra daxili və xarici təzyiqlərin gücləndiyi bir zamanda meydana sıxan çətinliklər, Azərbaycan dövləti və onun suverenliyini möhkəmləndirib inkişaf etdirmək naminə siyasi-iqtisadi, mədəni-ictimai, sosial sahədə əsaslı tədbirlər hazırlayaraq həyata keçirmək yolunu seçmişdir. Alimin əhatəli olaraq apardığı ümumiləşdirmələr və çıxardığı nəticələr onu göstərir ki, Ərrahman Əhmədov gərgin zehni əmək sayəsində qarşısına qoyduğu məqsədə çatmışdır.