PDF Oxu

Mədəniyyət

  • 14

Azərbaycan və Böyük Britaniya miniatür kitabda

Azərbaycan və Böyük Britaniya miniatür kitabda
Bu yaxınlarda Londonda keçirilmiş beynəlxalq kitab sərgisində ölkəmizin təqdim etdiyi nəşrlər sırasında "Azərbaycan və Böyük Britaniya miniatür kitabda" adlı ekspozisiya çox böyük maraqla qarşılanmışdır. Bakıdakı Miniatür Kitab Muzeyinin yaradıcısı, yorulmaq bilməyən Zərifə Salahovanın topladığı və qayğı ilə qoruyub saxladığı, Bakıda və dünyanın digər şəhərlərində nəşr edilmiş kiçik ölçülü şedevrlər sərgiyə gələnləri heyran etmişdir. Bu qeyri-adi sərginin tamaşaçılarının çoxu, məsələn, London kitabxanalarından birinin direktoru Deniel Hilu, "Azərbaycan evi" Mədəniyyət və Dostluq Mərkəzini təmsil edən doktor Əli Təkin Atalar, hollandiyalı menecer Dəniz Nilufər Erselcan və b. rəy kitabında Zərifə Salahovanın həmin layihədə iştirakı və maraqlı kolleksiya nümayiş etdirməsi barədə ürək sözlərini ifadə etmişlər. Rusiyanın "Maliyyə azadlığı yolunda" şirkətinin direktorlar şurasının sədri Dmitri Klubniçkin rəy kitabına bu sözləri yazmışdır: "Çox gözəl kolleksiyadır. Tarixi mövzuya həsr edilmiş qeyri-standart tərtibatlı mini-kitablar insana ruh verir. Burada hər şey insanı heyrətləndirir. Ən başlıcası isə Zərifə Salahovanın özü, onun xeyirxah qəlbi, səmimiyyəti, həyat eşqi ilə dolu gözləri, öz işini sevməsi insanın qəlbində xoş duyğular oyadır..."
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da Londondakı "Azərbaycan evi"ndə açılmış sərgi ilə tanış olmuş, gördükləri barədə təəssüratlarını bölüşmüşdür. Sərgiyə Azərbaycan diasporunun nümayəndələri, Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr də tamaşa etmişlər. "Heydər Əliyev. Əsrin müqaviləsi", "İlham Əliyev: ümid və inam", "Dünya azərbaycanlılarının birinci qurultayı", "And" (Prezident İlham Əliyevin inauqurasiya nitqinin Azərbaycan və rus dillərində mətni), "Xoşməramlı səfir", "Rusiya Federasiyasının prezidenti D.A.Medvedevin Azərbaycana rəsmi səfəri" (rus və Azərbaycan dillərində), "Azərbaycan ordusu - 90" adlı miniatür kitablara xüsusi maraq göstərilmişdir. Azərbaycan mədəniyyətinə həsr edilmiş miniatür kitabların siyahısı da kifayət qədər genişdir: "Tahir Salahov. Həyat və yaradıcılığı", "Qara Qarayev - XX əsrin görkəmli bəstəkarı", "Səməd Vurğun. "Azərbaycan" poeması", "İlyas Əfəndiyev. Hekayələr", "Masa üstündə şam yanırdı..." (XX əsr rus şairlərinin şeirləri Anarın tərcüməsində Azərbaycan dilində) və s.
Onu da qeyd edək ki, London sərgisində nümayiş etdirilən Azərbaycana həsr edilmiş miniatür kitablar arasında yeni nəşrlər də vardı. Məsələn, "Kitab" cəmiyyəti tərəfindən Milli Olimpiya Komitəsi ilə birlikdə Azərbaycan və ingilis dillərində buraxılmış "Olimpiya oyunları - 2008" nəşri hər biri 38x53 millimetr ölçülü, 284 səhifəlik iki kitabdan ibarətdir. 54 səhifəsi rəngli fotoşəkillərdən ibarət olan, forzasında Pekin Olimpiadasının emblemi təsvir edilmiş bu nəşrə ölkəmizin Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin azərbaycanlı idmançıların Olimpiya oyunlarına yola salınması mərasimində, habelə, Olimpiada çərçivəsində, 2008-ci il avqustun 10-da keçirilmiş Azərbaycan Günündə söylədiyi nitqlər daxil edilmişdir. Kitab oxucuları Olimpiya oyunlarının mükafatçıları və qalibləri, onların bioqrafiyaları ilə tanış edir. Kitabın əvvəlində ölkə Prezidentinin idmançılarımıza xeyir-duasının mətni verilmişdir. "İndiqo" mətbəəsində yüksək poliqrafik səviyyədə, hər dildə 100 nüsxə çap edilmiş bu nəşrə Olimpiya oyunlarının təqvimi, qaliblərin Vətəndə qarşılanması, onların Heydər Əliyev Fondunda olması barədə məlumatlar da daxildir. İdman haqqında miniatür kitablar sırasında əvvəlki olimpiadalara, həmçinin, Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr edilmiş nəşrlər sərgidə xüsusi maraqla qarşılanmışdır.
Ekspozisiyanın Böyük Britaniya ilə əlaqədar miniatür nəşrlər hissəsi isə sərgiyə gələnlər tərəfindən digər nəşrlərlə müqayisədə daha artıq maraqla qarşılanmışdır. Sərgidə nümayiş etdirilən 116 kitabdan təxminən 50-si bu qəbildən idi. Buna görə də, məsələn, "İngiltərə tarixi miniatürdə" nəşrinə, Şekspirin, Bayronun əsərlərinə, Aqata Kristinin hekayələrinə, Robert Börnsün poema və nəğmələrinə xüsusi maraq göstərilməsi təəccüblü deyil. Bakı muzeyinin kolleksiyasında saxlanılan, hələ 1964-cü ildə miniatür formada nəşr edilmiş "Ser U.Çörçill - Amerika Birləşmiş Ştatlarının fəxri vətəndaşı" kitabı da tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Digər xəbərlər