“Muzeylər gecəsi” adı altında aksiya keçirildi
Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə "Muzeylər gecəsi" adı altında aksiya keçirilir. "Muzeylər gecəsi" bu il Azərbaycanda "Muzey və Turizm" devizi altında geniş qeyd olunacaq. Son illər Azərbaycan turizmi gözə çarpacaq şəkildə inkişaf etmişdir. Dünyanın hər tərəfindən ölkəmizə yüz minlərlə turist axışır.
Turizmi mədəniyyət xəzinəsi sayılan muzeylərsiz təsəvvür etmək çətindir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların sadəcə qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. Turizm inkişaf etdikcə muzeylərimizdə də bir canlanma, oyanış hiss olunur. Buna görə də muzeylərdə müxtəlif maraqlı turlar, proqramlar təşkil olunur. Bu məqsədlə Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq - Muzeyi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Səməd Vurğunun ev-muzeyi, Üzeyir Hacıbəyovun ev-muzeyi, Abdulla Şaiqin Mənzil-Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi "Muzey və Turizm" devizi altında tur keçirir. Bu turda iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə və Əmək Əlilləri pansionatında yaşayan qocalar, Nizami rayonu 1 saylı və Xətai rayonu 3 saylı uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar dəvət olunur. Bu tədbirdə iştirakçılara "Tariximizə və Mədəniyyətimizə səyahət" mövzusunda ekskursiyalar, müxtəlif mövzulu sərgilər, əyləncəli oyunlar, konsert proqramları, yemək süfrəsi və hədiyyələr təqdim olunur.
"Muzey və Turizm" devizi altında geniş tədbirin açılış mərasimi Muzey Mərkəzinin qarşısında keçirildi. Həmin gün "Memarlıq abidələrimiz Azərbaycan Memarlarının gözü ilə", "Teatr xalqımızın böyük sərvətidir", Ulu öndərimiz "Xalqımızın qayğıkeş atası", "Qobustan pirləri" adlı sərgilər təşkil edilmişdir. "Halay vuraq, yallı gedək" yallı rəqsinin muzey əməkdaşları və iştirakçılarla birgə ifasıtəqdim olundu, "İrs" folklor ansamblı, "Ritmlərin ahəngi", "Musiqimizi yaşadaq", "Azərbaycan klassik musiqisinin inciləri", "Muğamın sehrində", Qədim musiqi alətləri ansamblının konsert proqramları və "Tıq-tıq xanım" nağıl-tamaşası göstərildi, "Bahar istəklimsən...." xalq şairi Səməd Vurğunun şerlərindən parçalar səsləndirildi. Mərasimdə "Oyunlar aləmində" bölümündə isə müxtəlif xalq oyunları təşkil olunmuşdu. İştirakçılar xalçalar fonunda milli geyimlərdə şəkil çəkdirmək imkanınə əldə edə bildilər. Muzeylər gecəsində respublikamızın bir çox muzeylərində rəngarəng tədbirlər həyata keçirildi. Belə ki, Azərbaycan Tarixi Muzeyində Qədim Musiqi Alətlər Ansamblının konserti, Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Muğamın sehrində" kompozisiyası, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Ulu öndərimiz xalqımızın qayğıkeş atası" adlı sərgi və konsert, Azərbaycan İstiqlal Muzeyində "Teatr xalqımızın sərvətidir" sərgi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Muzeylər gecəsi" tədbiri, Dövlət Uşaq Filarmoniyasında "İrs" folklor ansamblının konserti və s. keçirildi.