Mərasimdə çıxış edənlər bildirdilər ki, üç kitabın, dövri mətbuatda dərc olunmuş 500-ə yaxın məqalənin müəllifi olan Aqil Kəngərli "Yaxın və uzaq tarix" kitabında Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesində iştirak edən qədim türk mənşəli tayfalar barədə əsaslı mülahizələrini oxuculara çatdırır. Müəllifə görə, qədim türk mənşəli tayfalar Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdə də yaşamışlar. O, bu mülahizələrini ayrı-ayrı tədqiqatçıların, mütəxəssislərin fikirlərinə əsaslanaraq yürüdür.
Tarixçi Aqil Kəngərli Qərbi Azərbaycan və Naxçıvan torpaqları, qədim türk tayfası olan kəngərlilərin soykökü barədə, eləcə də, müxtəlif ərazilərdə məskən salan kəngərlilərin Azərbaycan xalqına bəxş etdiyi tanınmış ziyalılar, elm xadimləri, hərbi sərkərdələr, siyasətçilər, həkimlər haqqında geniş məlumat verir. Uzun illər Azərbaycanda jurnalist kimi çalışmış Aqil Kəngərli kitabında yaşı 5 min il əvvələ gedib çıxan Kəngərli nəslinin son 200 ildəki tanınmış nümayəndələrindən İsmayıl xan Kəngərli, Hüseyn xan Naxçıvanski, Şeyxəli xan Kəngərli, Bəhruz Kəngərli, Məmmədqulu bəy Kəngərli, Məhəmməd Kəngərli haqqında məlumat verərkən Qulu Kəngərlinin də peşə fəaliyyətini yüksək qiymətləndirib.
Kitabda zaman-zaman Azərbaycan xalqının başına gətirilmiş faciələr və onların səbəbkarlarından söz açılır, Təbriz, Borçalı, Qarabağ, Dərbənd, Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar, İrəvan, Dərəçiçək və digər torpaqlarımız haqqında geniş məlumat verilir. Tarixin qaranlıq məqamlarına işıq salan Aqil Kəngərli 1992 - ci ildən bu günədək müxtəlif qəzetlərdə vətənpərvərlik mövzusunda dərc etdirdiyi yazıları, eləcə də, tanınmış tarixçilərdən götürdüyü müsahibələri də yeni kitabına daxil edib.
Nəfis tərtibatlı, 295 səhifəlik "Yaxın və uzaq tarix" kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutubdur.
Xatırladaq ki, Aqil Kəngərli hazırda Göyçay şəhər 7 saylı orta məktəbdə tarix müəllimidir.