Mahnı janrının müasir vəziyyəti
Azərbaycan Bəstəkarlar İttifaqının "Mahnı və estrada musiqisi" bölməsinin iclasında ölkəmizdə mahnı janrının müasir vəziyyəti müzakirə olunub.
İttifaqın katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov son illər musiqinin ən populyar janrlarından olan mahnı yaradıcılığının müasir vəziyyəti barədə məlumat verib. Bu sahədəki uğurlarla yanaşı, problemlərdən də danışan natiq, təəssüflə bildirib ki, indi televiziya kanallarında bəstəkarlıq sənətinə xələl gətirən mahnılar daha çox səsləndirilir. Hazırda mahnı janrından insanların şüuruna mənfi təsir vasitəsi kimi istifadə edilir.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, prof. Firəngiz Əlizadə bu sahədəki nöqsanların narahatlıq doğurduğunu, acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırdı. O, qeyd etdi ki, reytinq xatirinə özəl telekanallarda yayımlanan musiqilərin 90 faizi qeyri-peşəkarların payına düşür. Belə vəziyyətin yaranmasının səbəblərindən biri peşəkar bəstəkarların aranjimana həvəs göstərməməsi və aranjimançıların mahnı bəstələməsindədir. Halbuki onların not və ya partitura yazmaq bacarıqları yoxdur.
Bəstəkarlar İttifaqının sədri telekanallarda Bədii Şuraların bərpasına böyük ehtiyac duyulduğunu vurğulayaraq, bildirib ki, sağlam rəqabətin yaranması üçün bəstəkarların öz əsərlərini bu şuralara təqdim etməsi yaxşı olardı.
Respublikamızın tanınmış bəstəkarları əməkdar incəsənət xadimləri Ruhəngiz Qasımova, Sərdar Fərəcov, bəstəkarlar Mobil Babayev, İlham Abdullayev, Aygün Səmədzadə, Nadir Əzimov, Cahangir Zülfüqarov, Vüqar Camalzadə tədbirdə mövzu ilə əlaqədar fikirlərini bildirmiş, nöqsanların aradan qaldırılması yollarından danışıblar.