PDF Oxu

Mədəniyyət

  • 11

Rusiya Akademik Böyük Teatrının solisti Çinarə Əlizadə Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Rusiya Akademik Böyük Teatrının solisti Çinarə Əlizadə Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edəcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından "Səs" qəzetinə verilən məlumata istinadən, mayın 27-də operanın səhnəsində Adolf Adanın "Jizel" baletinin tamaşasında, ilk dəfə olaraq, Rusiya Dövlət Akademik Opera və Balet Teatrının solisti həmyerlimiz Çinarə Əlizadə iştirak edəcək.
Çinarə Əlizadə artıq dördüncü mövsümdür ki, Böyük Teatrın səhnəsində çıxış edir. Moskva Dövlət Xoreoqrafiya Akademiyasının məzunu olan istedadlı həmyerlimiz, 2005-ci ildə buraxılış imtahanlarından dərhal sonra, çox ciddi müsabiqə yolu ilə Böyük Teatrın balet truppasına qəbul edilmişdir.
Elə həmin il gənc balerina balet artistlərinin Moskvada keçirilən beynəlxalq müsabiqəsində iştirak etmiş və qalib gələrək müsabiqənin qızıl medal və 1 mükafatını əldə etmişdir. Çinarənin valideynləri əslən bakılıdırlar. Atası Rauf müəllim ixtisasca tikinti mühəndisidir və Moskvada tikinti firmasına rəhbərlik edir. Anası Gülya xanım evdar qadıdır. Maraqlıdır ki, uşaq ikən balet artisti olmağı məhz Çinarənin anası arzulayırdı. Lakin onun arzusunu parlaq karyera quran qızı gerçəkləşdirdi. Əvvəlcə valideynləri Çinarəni fiqurlu konki sürən görmək istəyirdilər və beş yaşında ikən onu fiqurlu konki bölməsinə yazdırmışdılar. Lakin buz meydançası Çinarənin xoşuna gəlmədi, o, məşqlərdə ağlayır və bölməyə getmək istəmirdi. Belə olduqda valideynləri kiçik qızı xoreoqrafiya studiyasına apardılar və o, çox böyük həvəslə baletlə məşğul olmağa başladı.
Bir neçə il sonra Çinarə Humanitar Universitetin nəzdində Balet Akademiyasına daxil oldu və Nataliya Nesterovadan balet sənətinin sirlərini öyrənməyə başladı. Tezliklə o, dərk etdi ki, ən böyük arzusu balerina olmaq və Böyük Teatrda çıxış etməkdir. Universitetdə 3 il təhsil aldıqdan sonra Ç.Əlizadə Moskva Xoreoqrafiya Akademiyasına daxil oldu və burada məşhur balet ustaları Natalya Arxipova və Lyudmila Litavkina onunla məşğul oldular. Çinarə öz bacarığı və balet artistinə lazım olan bütün göstəriciləri ilə yaşıdlarından xeyli üstün idi.
Çinarə Əlizadə indi Böyük Teatrın ən parlaq və perspektivli balerinalarından biridir. Böyük Teatrın səhnəsində və bu teatrın truppası ilə bir çox yaxın - uzaq ölkələrdə qastrol səfərlərində olsa da, Çinarənin ən böyük arzularından biri Bakıda - Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış etməkdir. Ç.Əlizadənin Böyük Teatrdakı professional uğurları, Rusiyanın balet mütəxəssisləri və rus KİV-inin balet artisti kimi onun haqqında yüksək rəylərini nəzərə alaraq, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi istedadlı balet artistini səhnəmizdə çıxış etməyə dəvət etmişdir.
Çinara Əlizadənin baş rolda - Jizel rolunda çıxış edəcəyi eyniadlı tamaşada tərəf-müqabili Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Böyük Teatrın aparıcı solisti Andrey Bolotin (Albert) olacaq.
Heç şübhəsiz ki, istedadlı azərbaycanlı balerinanın Bakıdakı çıxışı həm teatrın, həm də şəhərimizin həyatında əlamətdar və maraqlı hadisəyə çevriləcək və baletsevərlərə böyük zövq verəcək.

Digər xəbərlər