Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş yarışın qalibləri mükafatlandırıldı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş fakültələrarası spartakiadada ayrı-ayrı idman növləri üzrə yer tutan tələbələrin mükafatlandırılma mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun tədris və tərbiyə işləri üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini, professor Rafiq Sadıqov qalibləri elan edərək, onları təbrik etdi. Qaliblər diplom və kuboklarla təltif edildilər.
Beləliklə, voleybol üzrə yarışlarda "Kulturologiya" fakültəsinin tələbəsi Cavid Süleymanov, şahmat üzrə "Rejissorluq sənəti" fakültəsinin tələbəsi Həbib Cəbrayılov, şahmat üzrə "Aktyorluq sənəti" və dama üzrə "Sənətşünaslıq" fakültələri I yerə layiq görüldülər.
Tədbirdə, həmçinin, universitetin tədris və tərbiyə işləri üzrə prorektoru professor Rafiq Sadıqov, elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Səyavuş Məhişov, İnzibati təsərrüfat işləri üzrə prorektoru Həmid Məhərrəmov, "Rəssamlıq" fakültəsinin dekanı Sevda Sadıqbəyova, "Kulturologiya" fakültəsinin dekanı, dosent Abdin Əlizadə, "Kütləvi tədbirlər və bayramlar rejissorluğu" kafedrasının müdiri, dosent Qəmər Məmmədova, "Tətbiqi kulturologiya" kafedrasının müdiri, professor İlqar Hüseynov, "Rejissor sənəti" fakültəsinin dekanı, professor Bayram Hacıyev, "Musiqi sənəti" fakültəsinin müəllimi, sənətşünaslıq namizədi Fəzail Orucov, "Aktyorluq sənəti" fakültəsinin dekanı dosent Ötkəm İskəndərov, "Sənətşünaslıq" fakültəsinin dekanı, dosent Vəfa Əliyeva, "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasının müdiri, dosent Lyudmila Qasım qızı, "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimi Aslan Məmmədov və Səmayə Əliyeva fakültələrarası spartakiadada fəal iştiraklarına görə Fəxri Fərmanla təltif edildilər.
Universitetin "Musiqi sənəti" fakültəsinin dekanı, dosent, görkəli tarzən Məmməd Əliyev ilin ən fəal dekanı adına layiq görüldü.
Sonda tədbir bədii hissə ilə davam etdirildi.