Azərbaycan ədəbiyyatı sovet imperiyası dövründə
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisələrlə zəngindir. Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə mədəniyyətdə - ədəbiyyatımızda Qərbyönümlü meyillər olduqca gücləndi. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə gəlib çıxdı.
Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi-cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən, Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu. ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də, həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı, bu zaman C.Cabbarlı, Ə.Cavad, Ümmigülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Ü.Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.
Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI Qırmızı Ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. Ölkədə sovet hakimiyyəti quruldu. Heç şübhəsiz, "proletar diktaturası" və "kommunizm cənnəti" pərdəsi arxasındakı əsil həqiqəti Cəlil Məmmədquluzadə və Hüseyn Cavid vaxtında görmüş, onun mürtəce anti-Azərbaycan mahiyyətini başa düşmüşdülər.
Ötən əsrin 30-cu illərinin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli olmuşdur. Ümumiyyətlə, repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar "yuxarı"dan verilmiş sərt və amansız "xüsusi" tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də, ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.
O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar. Böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, prof, poliqlot-alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simurq, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları...
Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. "Qurani-Kərim"in Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı "Oxu, tar!" qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşqun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.
XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə ötən əsrin 30-cu illərinin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün, müharibədən sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda - Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi.
Səməd Vurğun sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq, onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə, ilk öncə, S.Vurğunun yaradıcılığına, xüsusilə də onun "Azərbaycan" şeirinə, "Aygün", "Muğan" kimi epik poemalarına, "Vaqif", "İnsan" mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqının milli özünüdərki prosesində "Vaqif"in oynadığı rolu, ancaq dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də, müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın "Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında" qətnaməsini, "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" ÜİK(b)P MK-nın qərarını, "Zvezda" və "Leninqrad" jurnalları haqqında" qərarını, Azərbaycan KP MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərarını, Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən, 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. "Zvezda" və "Leninqrad" jurnallarında sovet həyat tərzinin, guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da "konfliktsizlik" üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Ötən əsrin 60-cı illərindən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər səngiməsi, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Hər şeydən öncə, "60-cılar"ın insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada "insanşünaslıq" adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam "60-cılar"ın "insan" mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, yeni problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə yönəldilmişdi.
Onların povest və hekayələrində dövr, mənəvi gerçəklik "ictimai sistem və quruluş" kimi deyil, ondan daha öncə vicdani, etik səltənət, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı "sovet adamı" anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar - "60-cılar" ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim, Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Sabir Rüstəmxanlı, Famil Mehdi, Tofiq Bayram və b. şairlər seçilirlər.
Uzun illər imperiyanın təsirində olan Azərbaycan ədəbiyyatı milli məfkurəni, milli dəyərləri əsas götürərək xalqın ruhuna yaxın şəkildə yazıb-yaratmışlar. Bu ədəbiyyat böyük ziyalılar nəslinin yetişməsində mühüm rol oynamışdır.