“Azərbaycanlılar” kitabı işıq üzü görüb
Estoniyada işıq üzü görmüş "Azərbaycanlılar" kitabının təqdimat mərasimi keçirilib. Eston dilində nəşr olunmuş "Azərbaycanlılar" kitabı Estoniya Respublikasının Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib. Bu kitabı Təhsil Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə Estoniya İnteqrasiya Fondu çap edib. Nazirliyin "Estoniyada yaşayan milli azlıqlarla tanışlıq" layihəsi çərçivəsində hazırlanan kitabin muəllifi, Estoniyadakı Həftəsonu Azərbaycan məktəbinin rəhbəri Sərvinaz Kərimova və məktəbin müəlliməsi Sənəm Əliyevadır. Eston dilinə tərcüməni isə İta Serman edib. "Azərbaycanlılar" kitabı litvalılar və ruslardan sonra Estoniyadakı milli azlıqlar haqqında nəşr olunan üçüncü kitabdır.
Nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, mətbəxi haqqında məlumatlar yer alıb. Azərbaycan Respublikasını və xalqımızı estonlara tanıtmaq məqsədi daşıyan kitabda milli bayramlar və matəm günləri haqqında da məlumat var. Bu nəşrdə Qarabağ münaqişəsinə, eləcə də 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart - Azərbaycanlıların Soyqırımı barədə məlumata da geniş yer ayrılıb. Mövzulara aid rəngli fotoşəkillər kitabı daha maraqlı edir. Kitabda Estoniyada yaşayan Azərbaycan icması haqqında da ətraflı bilgi verilib. "Azərbaycanlılar" kitabı eston məktəbliləri üçün nəzərdə tutulduğundan, daha anlamlı dildə və sadə formada tərtib edilib. 15000 tirajla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalara və məktəblərə təqdim olunub.
Kitab bu ölkədə yaşayan azərbaycanlıların eston cəmiyyətinə inteqrasiyasını daha da sürətləndirəcək. Kitabın Estoniya və Azərbaycan arasında münasibətlərin inkişaf etdiyi bir zamanda önəmli bir hadisədir. "Azərbaycanlılar" kitabının Estoniya dövlətinin vəsaiti hesabına araya-ərsəyə gəlməsi və eston məktəblərində istifadə üçün nəzərdə tutulması çox mühüm amildir. Belə bir dərsliyin çap olunması Estoniyada Azərbaycan haqqında məlumat azlığını aradan qaldıracaq, eston xalqının yeni nəslində ölkəmiz barədə konkret təsəvvür yaradacaq.
Qeyd edək ki, Hər il "Azərbaycanı tanıyırsınızmı?" layihəsi çərçivəsində məktəblilər arasında müxtəlif müsabiqələr keçirilir. Bu kitabın nəşri isə Azərbaycanı bütün Estoniyada məhdudiyyətsiz tanıtmağımıza imkan verir.
Kitabda istifadə olunan materialların toplanmasında "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rolu olmuşdur.