“Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” adlı Beynəlxalq konfrans keçiriləcək
Bu gün Avropa otelinin Bakı zalında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan Turizm İnstitutunun təşkil etdiyi "Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri" adlı Beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda ATİ və digər ali təhsil müəssisələrindən olan ekspert və tələbələrinin ekoturizmlə bağlı məruzələri dinləniləcək. Tədbirin bədii hissə ilə davam etməsi nəzərdə tutulub.
Konfransın məqsədi ekoturizm və bu sahədə son inkişaf istiqamətləri haqqında ümumi məlumat vermək, Azərbaycanda ekoturizmə təsir edən amillər, bununla bağlı mövcud problemləri, Azərbaycanın təbiət abidələri, ölkəmizdə kənd, su və ovçuluq turizmi kimi növlərin inkişafına yol açan imkanları araşdırmaq, eyni zamanda, tələbələrin elmi-praktik biliklərini inkişaf etdirmək, onlarda tədqiqatçı vərdişləri və elmi-praktik konfranslarda çıxış etmək qabiliyyətini formalaşdırmaqdır.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin, Dövlət Neft Şirkətinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul şəxsləri, səfirlər, millət vəkilləri, ali məktəb rəhbərləri, beynəlxalq və yerli təşkilatlar, səyahət agentlikləri, otellərin, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Bütün təqdimat və məruzələr ingilis dilində keçiriləcəkdir.