PDF Oxu

Mədəniyyət

  • 4

Sənətkarın yubileyi qeyd olundu

Sənətkarın yubileyi qeyd olundu
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə xalq artisti Məmməd Bürcəliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova sənətkarın həyat və yaradıcılığı barədə məlumat verdi. O, vurğuladı ki, M.Bürcəliyev 1914-cü ildə Şəkidə anadan olmuşdur. 1933-1935-ci illərdə Şəki Dövlət Teatrında fəaliyyət göstərmişdir. 1935-ci ildən ömrünün sonuna - 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışaraq yüzlərlə rəngarəng obrazlar yaratmışdır. "Od gəlini"ndə Altunbay, "Kəllə"də Şair, "Nişanı qız"da Mirzə Salman, "Əliqulu evlənir"də Səfər, "Antiqona"da Korifey rolları aktyorun şövqlə yaratdığı səhnə surətlərindəndir.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə M.Bürcəliyevin kino yaradıcılığından söz açaraq onun "Mən ki, gözəl deyildim" (Əsgər), "Dəli Kür" (Allahyar), "Qəm pəncərəsi" (Rəşid bəy), "Gözlə məni" (Bəy) filmlərində yaratdığı obrazlar bu gün də məmnunluqla xatırlandığını bildirdi.
Yubiley tədbirində muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Nuridə Nurullayeva, Gəncə Dövlət Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi Vaqif Şərifov və b. mərhum səhnə ustası barədə fikirlərini bölüşdülər.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında vaxtilə M.Bürcəliyevin oynadığı tamaşalardan səhnəciklər gostərildi, aktyorun çəkildiyi filmlərdən franqmentlər nümayiş etdirildi.
Anar Bürcəliyev babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Digər xəbərlər