“Eurovision-2009” mahnı müsabiqəsinin açılışı Qırmızı meydanda olacaq
Moskvada keçiriləcək "Eurovision-2009" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Teymurzadə və Araş Polşada promo-turnedədirlər.
Azərbaycanın "Eurovision-2009" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin sözlərinə əsasən, bu səfərdən sonra birbaşa Moskvaya gələcək müğənnilərin hazırlıqları yekunlaşmaq üzrədir. Rəqs, xoreoqrafiya üzərində işlər və təşkilati məsələlər həll olunmuşdur. Təmsilçilərimizin geyimlərini isveçli mütəxəssislər hazırlamışlar.
Aysellə Araş səhnəyə üç İsveç rəqqası ilə birlikdə çıxacaq. İsveçlilərin işləri daha optimal hesab edildiyi üçün onları seçiblər. "Eurovision-2009"-un təntənəli açılışı mayın 10-da Moskvanın Qırmızı meydanında olacaq. Hava şəraitinə görə mərasimin qapalı şəraitdə keçirilməsi də istisna deyildir.
Bu ildən etibarən müsabiqədə münsiflər heyətinin də səsi hesablanacaqdır. Münsiflərin ümumi səsi toplandıqdan sonra açıqlanacaq və gələn SMS-lərin sayına əlavə ediləcək.