Azərbaycan musiqisinin əks-sədası
Müasir dövrümüzə Azərbaycan musiqisi dünyanın mötəbər kürsülərində səslənərək yüksək qiymətini alır və sənətkarların ifasında təqdim olunan ən nadir nümunələr alqışlarla qarşılanır. Dünyanın sayseçmə əsərləri ilə müqayisədə öndə olan milli musiqimizin əks-sədası mütəmadi olaraq eşidilir və ölkəmizə gətirilən mükafatlar bunu bir daha təsdiq edir. Müxtəlif məzmunlu festival və müsabiqələrdə qazanılan uğurların hər biri Azərbaycan mədəniyyətinin, incəsənətinin nailiyyətidir.
Azərbaycanlı sənətkarların dünya turnelərinə çıxması və klassik əsərləri təqdim etmələri, çoxsaylı konsert salonlarını sənətləri ilə ələ almaq qüdrətləri sənətkarlıq xüsusiyətlərini səciyyələndirən amillərdir.
Bu günlərdə Azərbaycan xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Koşalin Dövlət Filarmonik Orkestri ilə birgə Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasında konsert vermişlər.
Konsertdə Əyyub Quliyevin dirijorluğu ilə Koşalin Filarmonik Orkestri tərəfindən dahi alman bəstəkarları R.Vaqner və L.Bethovenin simfonik əsərləri, eyni zamanda, Ramiz Quliyevin ifasında görkəmli Azərbaycan bəstəkarları Hacı Xanməmmədov və Həsən Rzayevin tar və simfonik orkestr üçün yazılmış əsərləri səsləndirilmişdir.
Böyük maraqla qarşılanan ifadan sonra, Ramiz Quliyev dinləyicilərin xahişi ilə yenidən səhnəyə qayıtmış və Polşa musiqisinin ən parlaq nümunələrindən olan M.Oginskinin "Polonezi" əsərini iştirakçılara təqdim etmişdir. Konsertdən sonra Koşalin Filarmoniyasının rəhbərliyi Azərbaycan musiqiçilərinə yeni konsert layihəsi ilə bağlı müraciət etmişdir.
Qeyd edək ki, aprelin 24-də Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında dahi alman bəstəkarı F.Mendelsonun anadan olmasının 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcək. Mendelsonun əsərlərindən ibarət konsert proqramını idarə etmək gənc dirijor, Prezident təqaüdçüsü Əyyub Quliyevə həvalə olunub. Bu mötəbər tədbirdə Əyyub Quliyevin dirijorluğu ilə Çestokova Filarmonik Orkestri dahi bəstəkarın simfoniyaları və skripka ilə konsertini təqdim edəcəkdir. Konsertin solisti məşhur skripkaçı Darling Dayl (İngiltərə) olacaq.