Festival proqramına Azərbaycanda istehsal olunan “Dua” filmi də daxil edilib
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kinofestivalda "40-cı qapı" bədii filmi nümayiş etdirilib. "40-cı qapı" filmini festivala rejissor Elçin Musaoğlu təqdim edib. Dövlət sifarişi ilə "Ritm prodakşn"da çəkilən filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları çəkiliblər. Aprelin 26-na kimi davam edəcək festivalda nümayiş etdirilmək üçün rejissor Ziya Şıxlinskinin "Dua" sənədli filmi də təqdim olunub. Qeyd edim ki, müsabiqənin proqramına daxil edilmiş film bu günə qədər bir çox festival və kino günlərində də təqdim olunub. Dini mahiyyət daşıyan film Azərbaycanda fəaliyyətdə olan müxtəlif xalqların dini məbədlərini - almanların, yəhudilərin, rusların və digər dini icmaların ibadət etdiyi məqamları əks etdirir.
Müasir dövrümüzdə Azərbaycanda istehsal edilən fimlər beynəlxalq səviyyəli müsabiqə-fetsivallarda təmsil olunur ki, bu silsilə tədbirlərin davamı olaraq, bu ilin may ayında Sevastopol şəhərində keçiriləcək "Birgə qalib gəldik" ("Pobedili vmeste") festivalında Azərbaycan filmləri də yer alacaq. Festivala rejissor Tahir Əliyevin "Təxəllüsü Mixaylo" sənədli filmi təqdim edilib.
Qazaxıstanda keçirilən "Şaken ulduzları" kinofestivalında iki Azərbaycan sənədli filmi "Qədim Azərbaycan abidələri" (rejissorlar Rafiq Quliyev və İqbal Məmmədəliyev) və "Qobustan" (rejissor Nizami Abbas) iştirak edəcəkdir. Hər iki film Azərbaycanın tarixindən, onun mədəniyyət ocaqlarından bəhs edir. Ekran əsərlərində rejissorlar, məhz Azərbaycanın tarixini qabartmağa çlışmışlar.
Qeyd edim ki, bu, Azərbaycanın "Şaken ulduzları" kinofestivalında ilk iştirakı deyil.