C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzi yaradılıb
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsinə dair fəaliyyət planının təsdiq edilməsi" haqqında Sərəncamına əsasən 2007-ci il 28 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzi yaradılmışdır.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzindən Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma imkanı vardır. Mərkəzin açılışında respublikanın bir sıra nazirlik, komitə, idarə və təşkilatlar, hüquq-mühafizə, məhkəmə orqanları, şəhər və rayon mərkəzi kitabxanaları sözügedən hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma hüququ verilmişdir.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda da şəhər, rayon mərkəzi kitabxanaların nəzdində hüquqi-informasiya mərkəzlərinin, bir sıra rayon uşaq kitabxanalarında isə "Uşaq hüququ" informasiya mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.
Respublikada hüquqi qanunvericilik bazası üzrə çalışan mütəxəssislər üçün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdindəki İctimai Hüquqi-İnformasiya Mərkəzində cari ilin 20-24 aprel tarixlərində treninqlər keçirilir.
Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq İctimai Hüquqi-İnformasiya Mərkəzinin ikiillik fəaliyyəti və təşkil olunmuş treninq-kurslar haqqında çıxış etdi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, müxtəlif nazirliklərin, idarə və təşkilatların, habelə respublikanın şəhər və rayon kitabxanalarının mütəxəssisləri də iştirak etdilər.
Treninqlərdə "elektron formada hüquqi informasiya mənbələri", "Rusiya Federasiyasının hüquqi-qanunvericilik bazası və qanunlar toplusu", "Hüquqi informasiyanın rəsmi və dövri nəşrləri", "Rusiya imperiyasının qanunlar toplusu" bazalardan istifadə qaydaları və sözügedən bazalarda axtarışın həyata keçirilməsi və s. praktiki məşğələlər keçiriləcək.
Treninqlərdə son zamanlar respublikada kitabxana - informasiya sahəsində aparılan islahatlar, hüquq sahəsində elektron resursların yaradılması və s. məsələlər haqqında məruzələr də olacaqdır.
Treninq iştirakçıları respublikada elektron resursların yaradılması, hüquqi informasiya xidməti, habelə, kitabxana - informasiya sahəsində qabaqcıl təcrübə qazanmış Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olacaqlar.
Treninqin sonunda iştirakçılara sertifikatlar veriləcək.