“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda elmi konfrans keçirildi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində AR Nazirlər Kabineti və Təhsil Nazirliyinin müvafiq qərarı ilə ənənəvi olaraq aspirant və gənc tədqiqatçıların "Mədəniyyət: problemlər və perspektivlər" mövzusunda III Respublika Elmi Konfransı keçirildi.
Konfransı giriş sözü ilə ADMİU-nun tədris və tərbiyə işləri üzrə prorektoru professor Rafiq Sadıqov açdı. Sonra ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru professor Maral Manafova universitetdə Boloniya sisteminə keçid ilə əlaqədar həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verdi. "2008 - 2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının 8 istiqamətindən biri elmi-tədqiqat işlərinin Boloniya sisteminə uyğun qurulmasıdır" - söyləyən M.Manafova universitetdə bu sahədə ilk addımı atan "Sənətşünaslıq" fakültəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, universitetin professor-müəllim heyətinin məqsədyönlü, davamlı fəaliyyətinin Boloniya prosesinə uğurla keçidin yeganə qarantı olduğunu bildirdi.
Tədbirdə, həmçinin, AR Mədəniyyət və Turizm Nazirliyinin elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev "Azərbaycanda mədəniyyət siyasətinin bəzi aspektləri" mövzusunda məruzə ilə çıxış edərək, konfransın mədəniyyət sahəsində mövcud problemlər və onların həlli yollarının araşdırılması, mədəniyyətin inkişaf perspektivlərinin müəyyən edilməsində mühüm rol oynadığını bildirdi.
Tədbirdə universitetin magistr, aspirant və gənc tədqiqatçıları - Yelena Sidorenko "Teatrlarda beynəlxalq standartlara cavab verən tamaşaların hazırlanması problemi", Nərgiz Sadıxova "Müasir dövrdə mədəniyyətlərarası ünsiyyətdə kütləvi informasiya vasitələrinin rolu", Pərvin Rüstəmova "Azərbaycan və YUNESKO arasında mədəni əməkdaşlıq", Vüsalə Bağırova "Azərbaycan ekran sənətində janr problemi", Hafiz Kərimov "Aşıq musiqisində variantlıq prinsipinin təzahürünə dair (Borçalı aşıqlarının yaradıcılığı əsasında)", Aysel Zöhrabova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) "Qərb fəlsəfəsində dəyərlər problemi", Mehin Vahabova (AMEA Memarlıq və İncəsənət İnstitutu) "İsmayıl Məmmədovun yaradıcılığında portret janrı" mövzusunda məruzələrlə çıxış etdilər.
Sonda tədbir bədii hissə ilə davam etdirildi.