“Şekspir” pyesi əsasında hazırlanmış ikihissəli antrepriz tamaşa nümayiş etdirildi
"ÜNS" teatrında xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında hazırlanmış ikihissəli antrepriz tamaşa nümayiş etdirilib. Tamaşanın bədii rəhbəri professor Nərgiz Paşayevadır.
Xalq yazıçısı Elçinin bütün başqa əsərləri kimi, "Şekspir" pyesi də dərin fəlsəfi məna daşıyır. Həmişə olduğu kimi, yazıçı yenə düşünür, düşündürür, həqiqət axtarışındadır, insanları düz yola, səhvlərdən nəticə çıxarmağa, bir-birinə qarşı mərhəmətli olmağa çağırır. Yəqin elə buna görədir ki, tamaşaçılar pərdə enəndən sonra da hələ uzun müddət səhnədə gördüklərinin təsirindən ayrıla bilmirlər.
...Tamaşanın qəhrəmanları psixiatriya xəstəxanasında müalicə olunanlar və onlara xidmət edən tibb işçiləri, - cəmi 8 nəfər, - yeknəsəq, yorucu həyat sürürlər. Gözlənilmədən başqa Qalaktikadan Yer üzünə gəlmiş Varlıq onlara həqiqəti açır - insan möcüzə sorağında yaşamamalıdır, çünki möcüzə lap yaxında, onun özündədir. Bu, sevmək, bir-birinə etimad göstərmək, dərdini və sevincini bölüşmək bacarığıdır. Yaradana qarşı çevrilə biləcək nəyisə yaratmaq olmaz. Nəhayət, dünyada istedad, incəsənət qədər mükəmməl heç nə yoxdur. İnsana yalnız bu dəyərlər əbədilik gətirir. Yadplanetli həmin həqiqəti aşılamaq istədiyi insanların bu barədə düşünmələri, özlərinə inanmaları üçün klinika sakinlərindən biri ilə Şekspirin "Romeo və Cülyetta"sından bir səhnəcik göstərir: bax, həyatın əsas və ali qayəsi insanın insana olan və heç nəyin əvəz edə bilmədiyi məhəbbətidir. Qəhrəmanlardan birinin dediyi kimi, bu böyük hissi tərənnüm edən Şekspirə həqiqətən eşq olsun!
Rejissor Bəhram Osmanovun məharətlə və böyük ilhamla səhnələşdirdiyi, bəstəkar Raxmaninovun musiqisi ilə müşayiət olunan bu qeyri-adi səhnə əsərində tamaşaçılar müxtəlif teatrlarda çalışan istedadlı aktyorların - xalq artistləri Şükufə Yusupovanın, Məbud Məhərrəmovun, əməkdar artistlər Cəfər Namiq Kamalın, Sənubər İsgəndərovanın, Ayan Mirqasımovanın, Rafiq Əliyevin, Firdovsi Atakişiyevin və aktyor Fuad Osmanovun mahir ifalarını hərarətli alqışlarla qarşıladılar.
Fəlsəfi-psixoloji ovqatı ilə böyük maraq doğuran tamaşanın quruluşçu rəssamı Nüsrət Hacıyevdir.