PDF Oxu

Mədəniyyət

  • 2

2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı tədbir keçirildi

2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı tədbir keçirildi
Dünən Azərbaycan Uşaq Fondunda (AUF) 2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan AUF-un sədri, Sosialist Əməyi Qəhrəmanı, akademik İsmayıl İbrahimov vurğuladı ki, bu il bizim üçün olduqca əlamətdardır. Ona görə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Bu çərçivədə AUF tərəfindən bir çox silsilə tədbirlər keçiriləcək və bununla bağlı qurum tərəfindən xüsusi tədbirlər planı hazırlanmışdır. O, diqqətə çatdırdı ki, planda xeyriyyə tədbirlərinin, fənn olimpiadalarının, vətənpərvərlik mövzusunda xüsusi müsabiqələrin keçirilməsi və digər bu kimi məsələlər öz əksini tapmışdır.
O bildirdi ki,  AUF 1988-ci il aprelin 14-də Heydər Əliyevin rəhbərliyi altında sovet uşaq fondunun tərkibində yaradılmış Azərbaycan şöbəsinin varisidir. Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində uşaqların tərəqqisi, inkişafı naminə yorulmadan fəaliyyət göstərir. Ötən dövr ərzində AUF-da 550-dən çox iclas keçirilmiş və 3000-ə yaxın məsələyə baxılmışdır. Fond tərəfindən uşaqlara yardımlar edilmiş, valideyn himayəsindən məhrum uşaqlara, aztəminatlı ailələrdə yaşayan körpələrə tez-tez yardımlar göstərilmiş, xəstə uşaqların ev və ya xəstəxana şəraitində müalicəsi, onların tədris vəsaiti ilə təminatı və başqa sosial-müdafiə səciyyəli tədbirlər həyata keçirilmişdir.
Tədbirdə o da vurğulandı ki, respublikamız müstəqillik qazandıqdan sonra fond BMT-nin "Uşaq hüquqları haqqında konvensiya"sına qoşulmuş və bununla əlaqədar üzərinə məsuliyyətli vəzifələr götürmüşdür.
Digər çıxış edənlər AUF-un son illər ərzində gördüyü işləri yüksək qiymətləndirərək, qurumun fəaliyyətində uşaqların ümumi və estetik tərbiyənən mühüm yer tutduğunu söylədilər.

Digər xəbərlər