Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib
Moskva Dövlət Lingvistika Universitetində (MDLU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. MDLU və Bakı Slavyan Universitetinin birgə layihəsinin nəticəsi olan bu mühüm tədbir, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtına qarşıdakı səfəri ərəfəsində təşkil edilmişdir.
MDLU-nun rektoru İrina Xaleyeva və BSU-nun rektoru Kamal Abdulla rəmzi lenti kəsəndən sonra, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə Dövlət Dumasının deputatları, Azərbaycan XİN-in, Azərbaycan diasporunun, Rusiya elmi ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak etmişlər.
Rektor İrina Xaleyeva mərkəzin açılmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı üçün son dərəcə mühüm və qeyri-adi hadisə adlandıraraq demişdir: "Sabah Prezident İlham Əliyev Moskvaya gəlir, biz də bu tədbiri onun səfərinə həsr edirik. Bakı Slavyan Universiteti mərkəzin zəruri avadanlıq və ədəbiyyatla təchiz olunmasına kömək etmişdir. Bu gün mərkəz rəsmən fəaliyyətə başlamışdır, hərçənd qeyri-rəsmi şəkildə o, artıq bir neçə aydır ki, fəaliyyət göstərir. Mən şadam ki, universitetimizdə Azərbaycan bölməsi açılması barədə çoxdankı arzumuz, nəhayət, həyata keçmişdir və artıq üç ildən sonra Rusiyada ilk dəfə rus və Azərbaycan dillərindən tərcüməçilər olacaqdır". Rektor xüsusi vurğulamışdır ki, Azərbaycanda rus dili və mədəniyyətinə böyük diqqət yetirilir, təhsilin rus dilində aparıldığı Slavyan Universiteti buna parlaq nümunədir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu öz çıxışında demişdir ki, Prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri ərəfəsində bu mərkəzin açılması əlamətdar hadisə, Azərbaycan ilə Rusiya arasında dostluğun, getdikcə möhkəmlənməkdə və inkişaf etməkdə olan əlaqələrin daha bir təsdiqidir. Mərkəzin açılması gələcək nəsillər üçün çox vacibdir və bizim nəslin vəzifəsi gəncləri qarşılıqlı hörmət və qonşu xalqlara diqqətli münasibət ruhunda tərbiyə etməkdir. Azərbaycan rus mədəniyyətinə qayğıkeş və hörmətcil münasibətin nümunəsi sayıla bilər, uğurla fəaliyyət göstərən Slavyan Universiteti isə slavyan xalqlarının mədəniyyət mərkəzi, ilk növbədə, rus mədəniyyət mərkəzidir. P.Bülbüloğlu Azərbaycanla maraqlananlar, xalqımızın dilini və mədəniyyətini öyrənmək istəyənlər üçün imkan yaratdığına görə MDLU-nun rektoru İrina Xaleyevaya dərin təşəkkürünü bildirmişdir.
Bakı Slavyan Universitetinin rektoru, prof Kamal Abdulla Moskva ali məktəbinin rəhbərliyinə təşəkkür etmişdir ki, indi rusiyalı tələbələr Azərbaycan dilini və mədəniyyətini ilk dəfə məhz bu nüfuzlu tədris müəssisəsində öyrənəcəklər. O, xüsusi vurğulamışdır ki, burada Azərbaycan dilini öyrənməyə hələ üç il bundan əvvəl başlamışlar və Slavyan Universitetinin yüksək səviyyəli müəllimi Bella Musayeva bu ali məktəbin tələbələrinə dərs deyir, mərkəz açılandan sonra isə azərbaycanşünaslıq üzrə mütəxəssislərin sayı artacaqdır. K.Abdulla mərkəzin açılmasında dəstək və köməyinə görə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin başçısı Leyla Əliyevaya dərin təşəkkürünü bildirmişdir.
Rusiya XİN-in Dördüncü MDB Departamentinin direktor müavini Andrey Kryuçko Rusiya xarici siyasət idarəsinin təbriklərini çatdıraraq demişdir ki, mərkəzin açılması humanitar sahədə ikitərəfli münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafına ciddi töhfədir. Onun sözlərinə görə, Azərbaycan rus dilinə və rus mədəniyyətinə böyük hörmət bəslənilən ən çoxmillətli dövlətdir. A.Kryuçko mərkəzin açılmasını humanitar əməkdaşlıq sahəsində Azərbaycanda MDU-nun filialının açılması, Bakıda Rus Mədəni Mərkəzinin açılması kimi əhəmiyyətli hadisələrdən biri adlandırmışdır.
Dövlət Dumasının deputatı Mixail Zalixanov və Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru Eldar Quliyev də təbriklərini yetirmişlər. Eldar Quliyev həm də MDLU-ya Azərbaycan kitablarını hədiyyə etmişdir.
Mərasimin rəsmi hissəsi başa çatandan sonra sənədli film göstərilmişdir. Sonda tələbələr Azərbaycan və rus dillərində konsert proqramı ilə çıxış etmişlər.