Musa Mirzəyevin 75 illik yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, bəstəkar Musa Mirzəyevin 75 illik yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirildi. Bəstəkarın tərtib etdiyi konsert proqramına onun müxtəlif illərdə və janrlarda yazdığı populyar əsərləri ilə yanaşı, hələ səslənməmiş yeni əsərləri də daxil edilmişdir.
İki şöbədən ibarət konsertdə "Dahi bəstəkar Üzeyir Hacıbəyliyə ithaf" poeması, əvvəlcə Moskva, Sankt-Peterburq, Türkiyə və Litva dinləyicilərinə təqdim edilən "Ballada və Alleqro", habelə, "Lirik passakalya" əsərləri, orkestr üçün yazılmış "Gəzinti" yumoristik əsəri, "Romantik vals-poema" səsləndi. Bəstəkarın əsərləri bakılılara istedadlı musiqiçi, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında filarmoniyanın kamera orkestrinin gözəl ifasında təqdim edildi.
Konsertdə istedadlı vokalçılar da iştirak edirdilər. Opera və Balet Teatrının solisti İnarə Babayeva Musa Mirzəyevin "Tələbə valsı"nı və onun yeni əsərini - Sergey Yeseninin sözlərinə bəstələdiyi "İki sona" vokal poemasını Azərbaycan dilində, Günel Ələkbərova isə M.Lermontovun sözlərinə yazılmış "Bahar romansı"nı ifa etdilər.
Konsertdə yubilyarın oğlu, bəstəkar İlyas Mirzəyevin "Fleyta və orkest üçün mövzu və on variasiya - Şeyx Şamilə ithaf" əsəri ilk dəfə səsləndi. Burada əsas partiyanı Bakı Musiqi Akademiyasının tələbəsi Nicat Məmmədov ifa etdi.
Prof Musa Mirzəyev özünün fortepiano üçün yazdığı "Konsert rondo" əsəri üzərində işləyərək, tamamilə yeni versiya - fortepiano ilə orkestr üçün partitura yaratmışdır. Həmin əsər pianoçu Svetlana Əhmədovanın gözəl ifasında təqdim olundu.