Gözəl insan, Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan xalq artisti Teymur Mustafayevin bu günlərdə 70 illik yubileyi qeyd edildi. Dostum haqqında söz demək məsuliyyətli olmaqla yanaşı, həm də şərəflidir. Çünki onun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərini sözlə demək çətin olsa da, ürəyimdən keçənləri deməyi özümə borc bilirəm. 70 yaş ömrün müdrik, bütövlük, Teymur Mustafayev sənətinin zirvə yaşıdır. Ömrünün yarım əsrindən çoxunu qoca Şərqin nadir musiqi incilərindən sayılan muğamlarımızın, xalq mahnılarımızın ifasına həsr etmiş muğam ustası Teymur Mustafayev öz xalqının nadir istedadlarından biridir. Özünəməxsus ifa tərzi, səhnə mədəniyyəti ilə fərqlənən, yadda qalan və sevilən Teymur Mustafayev bu hörmət və izzəti uzun illər boyu qazanıb, qoruyub və saxlaya bilib.
Teymur Mustafayevin ifasındakı muğam onu sevən və dinləyənləri düşündürür, düşündürdükcə də duyğulandırır. Onun ifa tərzi musiqimizin yeni ruhu, yeni nəfəsi, ifaçılıq sənətinin təntənəsidir. Teymur Mustafayevdən əvvəlki sənətkarlar öz qüdrətli ifaları ilə muğam sənətini yeni rəylər, təzə boyalarla zənginləşdirdilər. Musiqi sənətində muğam ifaçılığında özlərini təsdiq etmiş sənətkarlardan sonra seçilmək, yeni söz demək çox çətindir. Lakin Teymur Mustafayev bunu bacardı. O, ifa etdiyi muğamlarda məna və fəlsəfəni özləşdirib dinləyici ilə nəfəs-nəfəsə yaşaya bilir.
Teymur Mustafayevin ifasındakı muğam və təsniflər, xalq mahnıları ruhumuza daha yaxın olmaqla, həm də duyğularımıza məlhəmdir. O, dərindən-dərinə dərk etdiyi muğamları öz səsi, ifası və zəngulələri ilə dinləyicilərə çatdırır və onları yormur. Elə Teymur Mustafayevin ifasının şirinliyi də bundan ibarətdir. Çünki bu ifalar hər bir dinləyiciyə dinclik, rahatlıq gətirir.
Gözəl muğam ustadı Teymur Mustafayev təkcə öz ölkəsində deyil, eyni zamanda, dünya ölkələrində də Azərbaycanı böyük ifaçı sənətkar kimi ləyaqətlə təmsil edib. Əsirlərin süzgəcindən keçən, bütün dövrlərin fövqündə duran muğam sənətimizi Teymur Mustafayev öz ilə dünya dövlətlərinin dinləyicilərini də məftun edib.
Bu gün muğam və xalq mahnılarımızın əvəzsiz ifaçısı Teymur Mustafayevin enişli-yoxuşlu ömrünün, sənətinin zirvə yaşını - 70 yaşını qeyd edirik. Bu yaş Teymur Mustafayev şəxsiyyətinin, dostluğunun, qayğıkeş yoldaşlığının, gözəl ailə başçısının, el-oba təəssübkeşinin zirvəsidir. Təsadüfi deyil ki, hamı onu "Teymur əmi" deyə çağırır. Bu ifadə ona edilən məhəbbətin, böyüklüyün, səmimiyyətin, müdrikliyin və sadəliyin təcəssümüdür.
Əziz qardaşım, Teymur, mən də sizi həmişə sevən və dinləyən, sənətinizə böyük məhəbbət bəsləyən bütün cəlilabadlılar adından ürəkdən təbrik edir, sənətdə uğurlar, həyatda uzun ömür arzulayıram. Qoy keçdiyiniz bu uğurlu yol düz olsun, musiqili ömrünüzün zirvəsində sizin 100 yaşınızı qeyd edək.