“Qobustan pirləri” adlı tədbir keçiriləcək
Bakı- İslam Mədəniyyəti Paytaxtı - 2009" Mədəniyyət İli çərçivəsində aprelin 18-də Qobustanda "Qobustan pirləri" adlı tədbir keçiriləcəkdir. Qonaqlar ilk öncə Qara Atlı pirini ziyarət edəcəklər. Tədbirdə yerli və xarici qonaqlar, mətbuat nümayəndələri iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən, tədbirin birinci hissəsində "Qobustan pirləri" adlı fotosərgi və "Qobustan pirləri" adlı videoçarx nümayiş olunacaq. Videoçarxın rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Novruz Hikmət, operatoru isə Elxan Rüstəmovdur.
Tədbirin bədii hissəsi iki hissədən ibarət olacaq. Birinci hissəyə balet kompozisiyası daxildir. İştirakçılara əməkdar artist Samir Səmədovun və xalq artisti, Prezident mükafatçısı Mədinə Əliyevanın ifasında "Dərviş rəqsi" xoreoqrafik miniatürü təqdim olunacaq. İkinci hissədə isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansambllının çıxışı nəzərdə tutulub. Tədbirin sonunda xalq tətbiqi sənət nümunələrinin nümayişi və satışı keçiriləcək.
Qobustan Azərbaycanın qədim tarixə malik olan mədəni məkanlarından biridir. Bakı şəhərindən 70 km aralıda yerləşir. Əsrlər boyu Qobustan ərazisi müqəddəs torpaq hesab edilmişdir. Burada qayaüstü rəsmlərdə kollektiv rəqs səhnələri, qurbanvermə mərasimləri, ov öncəsi müxtəlif ayinlərin keçirilməsi öz əksini tapmışdır. Qobustan qayaüstü təsvirlərinin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradılmasının güman edilməsi, qayalarda mehrablar, qazılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sayılması və s. kimi inamlara səbəb olmuşdur.
Qobustan ərazisində pirlər və ziyarətgahların yerləşməsi bir daha sübut edir ki, bu torpaq müqəddəs insanların yaşayış yeri olmuşdur. Qobustan və onun ətrafında yerləşən ərazilərdə Şıxeyb baba, Diri baba, Sofi Həmid, Sofi Novruz, Qara atlı, Çörmə piri, Hürü qızları, Yel piri və s. pirlər və ziyarətgahlar vardır.
Qonaqlar Qobustanın tarixi ilə tanış olub, geniş məlumat ala biləcəklər.