Budapeştdə Azərbaycan Kinosu Həftəsi keçiriləcək
Bu il mayın 6-16-da Budapeştdə (Macarıstan) Azərbaycan Kinosu Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin proqramına yeni filmlərimizdən "40-cı qapı", "Gün aydın, mələyim", "Hökmdarın taleyi", "Girov", "Əlvida, cənub şəhəri", "Hər şey yaxşılığa doğru", "Özgə vaxt", "Ovsunçu", eləcə də, ötən illərin filmlərindən "O olmasın, bu olsun", "Şərikli çörək", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud" və başqa filmlər daxil edilib.
Azərbaycan Kino Həftəsi çərçivəsində Budapeştə səfər edəcək Azərbaycan kinematoqrafçılarından ibarət nümayəndə heyəti, o cümlədən, aktyorlar Fuad Poladov, Ayan Mirqasımova, Mehriban Zəkinin və başqalarının macar tamaşaçıları, həmkarları ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Bu müddət ərzində Azərbaycan kinematoqrafçıları Macarıstanın kino sənayesi ilə də tanış olacaqlar.