Opera səhnəsində gənc istedadlara geniş meydan verilir
"Gələcək gəncliyindir. Opera səhnəsində gənc istedadlara geniş meydan verək", artıq neçə illərdir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz fəaliyyətində bu məqama çox böyük önəm verir. Teatr rəhbərliyi hər zaman axtarışda olub Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, A.Zeynallı adına Bakı Musiqi Kolleci və digər tədris ocağı ilə sıx əməkdaşlıq edir, bu isə gənc və istedadlı muğam və vokal ifaçılarının aşkar edilməsi, onların mütəxəssislər tərəfindən dinlənilərək yaxşıların ən yaxşısının seçilməsi və gənclərə teatrın səhnəsində sınaqdan çıxmaq imkanı verilməsi kimi səmərəli nəticə verir.
Gənclərə diqqət və qayğının nəticəsidir ki, hər il bir neçə istedadlı gənc opera səhnəsində uğurlu debüt edərək, özünü təsdiq edir
Elə son illərdə keçirilən muğam müsabiqələri də opera səhnəsinə gənc muğam ustaların gəlişinə öz müsbət təsirini göstərməkdədir. 2005-ci ildə Space televiziyasının keçirdiyi Ü.Hacıbəyov adına I Ümumrespublika Müsabiqəsinin qalibləri Təyyar Bayramov, Elnur Zeynalov və Elşad Aydınoğlu artıq teatrın solistləridir.
Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, bu yaxınlarda - mayın 3-də həmin müsabiqənin daha iki iştirakçısı - Vüsalə Musayeva və İlkin Əhmədov da opera səhnəsində debüt edəcəklər.
Vüsalə Musayeva 1986-ci ildə musiqi beşiyi Ağdamda dünyaya göz açmışdır. 25 saylı musiqi məktəbinin muğam sinfində dərs almışdır. Onun ilk muğam müəllimi respublikanın əməkdar artisti, istedadlı muğam ifaçısı Firuz Səxavət olmuşdur.
Orta təhsilini başa vurandan sonra Vüsalə 2004-ci ildə A.Zeynallı adına Bakı Musiqi Kollecinə daxil olmuş və 2008-ci ildə kolleci bitirmişdir. Burada o, muğam sənətinin sirlərini Azərbaycan Respublikasının xalq artisti, gözəl muğam ustası və opera sənətçisi Nəzakət Teymurovadan öyrənmişdir. 2005-ci ildə A.Zeynallı adına kollecdə təhsil alarkən Vüsalə Musayeva gənc muğam ifaçıları arasında keçirilən müsabiqəyə qatılmış və müsabiqənin laureatlarından biri olmuşdur.
İlk milli Azərbaycan operası olan "Leyli və Məcnun"da əsas qəh-rəmanlardan biri- Leyli partiyasını ifa etmək, yəqin ki, hər bir qadın muğam ifaçısının böyük arzusudur. Lakin hər ifaçı bu məsuliyyətli və çətin vəzifənin öhdəsindən gəlməyə özündə qüvvə tapa bilmir. 22 yaşlı Vüsalə Musayeva isə öz imkanlarına arxalanaraq, bir neçə aydır ki, Leyli rolu üzərində gərgin məşqlər edir. Respublikanın əməkdar artisti, tarzən Elxan Mansurovla birlikdə rol üzərində vokal cəhətdən hazırlığını bitirən Vüsalə hazırda əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyevlə səhnə mizanları üzərində çalışmağa başlamışdır. Elə ilk məşqlər Vüsalənin ümidləri doğruldacağına inam yaradır. Muğam ifaçısı və opera səhnəsi üçün vacib olan güclü və məlahətli səs tembrinə, həmçinin, gözəl səhnə görkəminə malik olan Vüsalə Musayeva səhnəmizin yeni Leylisi kimi tamaşaçılar qarşısında imtahana hazırlaşır.
Səhnəmizin yeni Məcnunu rolunda çıxış etmək üçün isə gənc və istedadlı muğam ifaçısı İlkin Əhmədov iddialıdır.
1984-cü ildə Cəbrayıl rayonunda anadan olan İlkin 2000-ci ildə Respublika İncəsənət Gimnaziyasını bitirmişdir. O, gimnaziyada ilk muğam dərslərini xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayevdən almışdır.
2002-2006-cı illərdə İ.Əhmədov Azərbaycan Milli Konservatoriyasında təhsil almış və professor Arif Babayevin tələbəsi olmuşdur. İlkin də 2005-ci ildə keçirilən muğam müsabiqəsinin iştirakçılanrından biri olmuş və uğurlu çıxışına görə II yerə layiq görülmüşdür.
Gənc olmasına baxmayaraq İ.Əhmədov dünyanın bir çox yaxın və uzaq ölkələrində - Rusiya, Belorus, Türkiyə, Almaniya, Avstriya, ABŞ, Yaponiya, Meksika və s. qastrol səfərlərində olmuş və milli muğam sənətimizi təmsil etmişdir.
İlkin bu yaxınlarda keçirilə I Ümumrespublika Muğam Müsabiqəsində iştirak etmiş və diplomant olmuşdur.
2008-ci ildə respublika Prezidentinin gənc istedadlar üçün təsis etdiyi fəxri təqaüdə layiq görülmüş və həmçinin, adı gənc istedadlar qızıl kitaba daxil edilmişdir.
Uğur və müvəffəqiyyətləri az olmasa da, istedadlı muğam ifaçısı daha bir arzusunu - opera səhnəsində çıxış etmək istəyini gerçəkləşdirməyə çalışır.
2008-2009-cu illər teatr mövsümünun əvvəlindən İ.Əhmədov tarzən Elçin Həşimov və kamançaçı Elnur Əhmədovla birlikdə Məcnun rolu üzərində işə başlamışdır. Bu işdə o ustadları Arif Babayev və Mənsum İbrahimovun məsləhət və yardımından faydalanır. Vüsalə Musayeva ilə birlikdə İlkin Əhmədov da xeyli müddətdir ki, rejissor - N.Quliyevlə səhnə məşqlərinə başlamışdır.
Qısa müddətdən sonra hər iki gənci çətin bir sınaq gözləyir. Bu məsuliyyətli işdə onlara uğurlar arzulayırıq.