“Gömrük mədəni irsin keşiyində” mövzusunda sərgi keçirilir
Vatikanın Apostol dəftərxanası sarayında Azərbaycan və dünya mədəni irsinə aid eksponatlardan ibarət "Gömrük mədəni irsin keşiyində" mövzusunda sərgi keçirilir. Sərginin eksponatları Gömrük Komitəsi tərəfindən Azərbaycan ərazisindən çıxarılan zaman müsadirə olunmuş Azərbaycan və dünya mədəni irsinə aid olan rəsm əsərləri və tarixi sənədlərdir. Bunlarla yanaşı, müasir Azərbaycan rəssamlarının əsərləri də sərgidə nümayiş olunur. Bu sərgi dillər və sivilizasiyalararası dialoqa, mədəni irsin qorunmasına Azərbaycanın töhfəsini əks etdirir. Sərginin açılış mərasimində Azərbaycan haqqında film nümayiş olunub və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert səslənib. Açılış mərasimində Azərbaycan hökuməti tərəfindən Vatikana Azərbaycan rəssamlarının iki işi hədiyyə edilib. Əsərin birində 2002-ci ildə İkinci İohan Pavelin Bakıya səfəri zamanı Pontifiklə Heydər Əliyevin görüşü əks olunub. Digər əsər "Müqəddəs Məryəm və Xilaskar adlanır".
Bu əsər taxta üzərində işdir, orada Müqəddəs Məryəm Azərbaycan kəlağayısında əks edilib.