PDF Oxu

Mədəniyyət

  • 12

“Aitf” 8-ci beynəlxalq turizm və səyahətlər sərgisi açılacaq

“Aitf” 8-ci beynəlxalq turizm və səyahətlər sərgisi açılacaq
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian şirkətinin təşkilatçılığı ilə aprelin 16-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Aitf" 8-ci beynəlxalq turizm və səyahətlər sərgisi açılacaq.
Aprelin 18-dək davam edəcək sərgi maraqlı yeniliklərlə zəngindir. "Bakı- İslam mədəniyyətinin paytaxtı - 2009" Mədəniyyət ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələr, o cümlədən Mərakeş, Malayziya, İordaniya, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran ümumi stenddə turizm potensiallarını nümayiş etdirəcəklər. Sərginin ənənəvi iştirakçısı olan Türkiyə sponsor kimi çıxış edəcək. BƏƏ Dubay şəhərindəki məşhur hotellərdən ibarət şəbəkəni və turizm biznesi sahəsində çalışan şirkətləri təqdim edəcəkdir.
Sərgidə ilk dəfə olaraq İspaniya öz milli stendi ilə iştirak edəcəkdir. Mavriki adalarının turizm şirkətləri bu gözəl guşə haqqında qonaqlara ətraflı məlumat verəcək. "Aitf" sərgilərində bir neçə il iştirak etmiş Çexiya şirkətləri bu il ekzpozisiyalarını iki dəfə artırmışdır. Onlar Çexiyanın zəngin turizm potensialı ilə yanaşı, ali təhsil məktəblərində təhsil almaq imkanlarını da nümayiş etdirəcəkdir. Ukrayna nümayəndələri isə özünün mineral sularının müxtəlifliyi ilə seçilən kurort mərkəzi Truskavetsi təqdim edəcəklər.
Beləliklə, ziyarətçilər sərgiyə gəlməklə dünyanın məşhur turizm marşrutları ilə tanış olacaq, xarici ölkələrə getmək üçün tələb olunan sənədlərin rəsmiləşdirilməsi ilə bağlı lazımi məsləhətlər ala biləcəklər.
Ənənəyə sadiq qalaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən Qarabağ stendində əsrarəngiz zonanın mədəni irsi və gözəl təbiəti təqdim ediləcək. Bu il Azərbaycanın regional turizm sahəsi Qəbələ, Nabran, Quba, Lənkəran və ilk dəfə olaraq Naxçıvan və Oğuzda yerləşən mehmanxanalarla təmsil olunacaq. Qonaqlar Abşeron zonasında yerləşən hotel şəbəkəsi ilə də tanış olmaq imkanı əldə edəcəklər.
"Aitf" sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Turizm Sərgilər Təşkilatçıları Assosiasiyası Beynəlxalq Qeyri-Kommersiya Həmkarlığı, Respublika Turizm Şirkətləri Assosiasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəsmi dəstəyi ilə keçiriləcəkdir.

Digər xəbərlər