Polşanın Dövlət Filarmoniyasında Azərbaycan musiqisi səslənəcək
Aprelin 17-də Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının Böyük zalında Azərbaycanın tanınmış musiqiçiləri - Azərbaycanın xalq artisti, professor, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, dirijor Əyyub Quliyev Polşanın məşhur musiqi kollektivlərindən biri Koşalin Dövlət Filarmonik orkestri ilə konsert verəcəklər. Həmin gecə Əyyub Quliyevin dirijorluğu ilə Koşalin Filarmonik orkestri dahi alman bəstəkarları - R.Waqnerin, L.Bethovenin simfonik əsərləri və Koşalin şəhərində ilk dəfə Ramiz Quliyevin ifasında görkəmli Azərbaycan bəstəkarları Hacı Xanməmmədov, Həsən Rzayevin tar və simfonik orkestr üçün yazılmış əsərləri səsləndiriləcəkdir.
Aprelin 24-də isə Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında dahi alman bəstəkarı F.Mendelsonun anadan olmasının 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcəkdir. Mendelsonun əsərlərindən ibarət konsert proqramını idarə etmək həmyerlimiz, gənc dirijor Əyyub Quliyevə həvalə olunmuşdur. Bu mötəbər tədbirdə Əyyub Quliyevin dirijorluğu ilə Çestokova Filarmonik orkestri dahi bəstəkarın simfoniyaları və skripka konsertini ifa edəcək. Konsertin solisti - məşhur skripkaçi Darling Dayl (İngiltərə) olacaq.