Beş film istehsalata buraxılıb
2009-cu ildə dövlət vəsaiti hesabına yeddi bədii filmin çəkilməsi planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Cəmil Fərəcov verdiyi açıqlamasında bildirib ki, bu filmlərdən beşi artıq istehsalata buraxılıb. Samir Kərəmoğlunun rejissorluğu ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkiləcək "Ziyarət" filminin istehsalatı artıq tamamlanmaq üzrədir. Rüstəm İbrahimbəyovun ssenarisi və rejissorluğu ilə hazırlanacaq "Kabus" filmi "İbrus" Prodüser Mərkəzi tərəfindən istehsal olunacaq. Bu il üçün istehsalata buraxılan filmlər sırasında ssenari müəllifi Rövşən İsaqın "Aktrisa", ssenari müəllifi Elmira Şamaxılı, rejissoru Mehriban Ələkbərzadənin "Bəşəriyyətin xilası" bədii ekran əsərləri də var. Əsasən, klip rejissoru kimi tanınan Ülviyyə Könül bu il dövlət vəsaiti hesabına istehsal olunacaq bədii filmə quruluş verəcək. Səidə Vəliyevanın ssenarisi əsasında Ülviyyə Könülün rejissorluğu ilə "Vəkil hekayələri" adlı film "Sınaqfilm" Prodüser Mərkəzində hazırlanacaq. Bu il ərzində Azərbaycanla Yekaterinburq müştərək olaraq ikiseriyalı televiziya filmi hazırlayacaqdır. "Neft əfsanəsi" adı altında hazırlanacaq filmin ssenari müəllifi Olqa Domalyeva, quruluşçu rejissoru Andrey Marmantovdur.
Film Azərbaycanın "Sınaqfilm" Prodüser Mərkəzinin Yekaterinburqun "Sverdlovsk" Kinostudiyası ilə birgə istehsal olunacaq. Bu il üçün istehsalata buraxılması nəzərdə tutulan filmlər arasında "Prezident Heydər Əliyev" filmi də var. Ramiz Fətəliyev tərəfindən hazırda ssenarisi yazılan bu film iki seriyadan ibarət olacaq. Yuli Qusmanın ssenarisi əsasında istehsalata buraxılması nəzərdə tutulan digər film isə "Qorxma, mən səninləyəm-2" iki seriyalı bədii filmdir. Bu filmin quruluşçu rejissoru da Yuli Qusmanın özü olacaq. Hər iki filmin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunması planlaşdırılır.