“Don Kixot” baleti Azərbaycan opera səhnəsində
Aprelin 11 -də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lüdviq Minkusun "Don Kixot" baletinin tamaşası keçiriləcəkdir. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, tanınmış balet ulduzlarının iştirakı ilə vaxtaşırı maraqlı tamaşalar təşkil edən teatr bu dəfə də öz ənənəsinə sadiq qalmışdır. Teatr rəhbərliyi "Don Kixot" baletində əsas rolları ifa etmək üçün Latviya Milli Opera və Balet Teatrnın aparıcı solistləri Ülvi Əzizov və Marqarita Demyanoku dəvət etmişdir.
Həmyerlimiz Ülvi Əzizov bu tamaşada Bazil rolunu ifa edəcəkdir. Ülvi 2003-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Hələ tələbə ikən Azərbaycan Opera və Balet Teatrı balet truppasının tərkibində tamaşalarda çıxış edən istedadlı balet artisti təhsilini başa vurduqdan sonra, Türkiyənin Mersin Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlamışdır. 2003 - 2007-ci illərdə Mersində çalışmışdır. 2007-ildə Latviya Milli Operasında çalışmaq üçün dəvət alan Ülvi Əzizov hazırda həmin teatrın balet truppasının aparıcı solistidir. Ülvi qısa müddət ərzində bir sıra mötəbər balet festivallarında -Finlandiya, Ukrayna, İtaliya, Latviya, (Yurmala), Avstriya, ABŞ və s. ölkələrdə müvəffəqiyyətlə çıxış etmiş, diplom və prizlərlə mükafatlandırılmışdır. Ülvi Əzizov L.Minkusun "Don Kixot" baletində Bazil, "Bayaderada" Solor, V.Asafyevin "Baxçasaray fantanı" baletində Nurəli, A.Adanın "Korsar" baletində Slava, Ali, C.Verdinin " Komeliyalı qadınında" Toreador, F.Əmirovun "Min bir gecə" baletində Şəhriyar və onlarla digər rolları böyük uğurla ifa edir.
Latviyanın kütləvi informasiya vasitələri və balet mütəxəssisləri, 22 yaşlı gənc azərbaycanlı solistin fəaliyyətini yaxından izləyir və onun ifasını hər zaman yüksək qiymətləndirirlər.
Aprelin 11-də keçiriləcək tamaşada Ülvi Əzizovun tərəf-müqabili kimi Latviya Respublikasının əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Marqarita Demyanok çıxış edəcək. O, tamaşada Kitri partiyasını ifa edəcəkdir.
Qastrolçularla yanaşı tamaşada balet truppamızın solistləri də çıxış edəcəklər.
Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.