“İstiqlal” muzeyində 31 Mart Azərbaycanlıların Soyqrımı Günü anıldı
Dünən "İstiqlal" muzeyində 31 Mart Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəmsi açaraq faciənin xalqımızın tarixinə iz saldığını və illər uzunu yaddaşlara həkk edilmiş olayların bu gün - 91 il sonra xatırlandığını bildirdi. Tarixin dönəmlərində, xüsusilə də, "Gülüstan" və "Türkmənçay" müqavilələrinin bağlanması ilə azərbaycanlılara qarşı soyqırımlara zəmin yaranmışdır. O, qeyd etdi ki, erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və təcavüzkar siyasətinin tarixi ötən əsrlərə gedib çatır.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Musa Qasımlı mart hadisələrini törədən və analoqu olmayan işgəncələrlə xalqın başına açılan oyunların mahiyyətinə varıb, tarixi araşdırmalar nəticəsində əldə olunan nəticələri diqqətə çəkdi.
Ermənilərin himayədarlarının köməyi ilə azərbaycanlıların planlı şəkildə doğma dədə-baba yurdlarından 1905-1907-ci, 1918-1920-ci illərdə çıxarılması, dünya ictimaiyyətinə "ən demokratik cəmiyyət" kimi təqdim edilən keçmiş Sovetlər Birliyi dövründə 150 min azərbaycanlının 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya edilməsi bu soyqırımın tarix boyu yaşandığını bildirən amillərdir. 1988-ci ildən başlayaraq qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlılara qarşı növbəti soyqırımı siyasətinin davamıdır.
Azərbaycan xalqının başına gətirilən soyqırımı faktlarına yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmiş, kütləvi qırğın aktları təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmişdir. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 64408, həmin il daha 5307, 1921-ci ildə isə 12 azərbaycanlını qətlə yetiriblər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev bildirdi ki, dinc əhali erməni vandalizmi tərəfindən məqsədli və kütləvi şəkildə qətlə yetirilmişdir.
Tarixçi alim bildirdi ki, bu və ya digər faktlar onu göstərir ki, erməni vandalizminin tarixi kökləri dərindir.
Tədbirdə çıxış edən "Dünya Azərbaycanlılarını Həmrəyliyinə Dəstək" cəmiyyətinin sədri Tofiq Əlizadə, tarix elmləri doktoru Əsgər Əliyev və b. çıxış edib, ötən tarixlə bağlı bəzi məqamları diqqətə çəkdilər. Qeyd edildi ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün 13.210 kv km torpaqlarımız işğal olunub, 900-ə yaxın yaşayış məntəqəsi yerlə-yeksan edilib. 1 mln-dan artıq soydaşımız öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum edilib, 100 minlərlə insan ingəncə və zorakılığa məruz qalaraq, şikəst və əlil olub. Bakıda törədilən bu qətllər eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Tədbirdə iştirakçıların diqqətinə çatdırıldı ki, ermənilərin 1918-ci il mart - aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətlləri isbat edən çoxlu sayda arxiv materialı var. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətllər törətdiklərini bir daha göstərir. Mart ayının ortalarında 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
Şamaxıda üstünlüyü ələ keçirən ermənilər buranı Azərbaycan türklərindən təmizləməyə başlayırlar. Şamaxıda yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə alaraq yandırmışlar. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılıb. Təxminən 8 minə yaxın insan öldürülüb ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1701 nəfərə enmişdi.
Tədbirdə o da qeyd olundu ki, bu kütləvi soyqırım hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın, demək olar ki, bütün bölgələrində həyata keçirilmişdi. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 64408, həmin il daha 5307, 1921-ci ildə isə 12 azərbaycanlını qətlə yetiriblər.
Tədbirdə çıxışlardan sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin ifasında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ədəbi-bədii kompzisiya təqdim olundu.